backend

“Ermənistan həmişə təxribatçı əməllərə əl atır” – Məmmədyarov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Aprel hadisələri zamanı Azərbaycan hərbi-diplomatik üstünlüyünü ortaya qoydu” 

“Aprel hadisələri zamanı Azərbaycan hərbi-diplomatik üstünlüyünü ortaya qoydu”

“Ermənistan xoşniyyətli danışıqlar aparmaq əvəzinə, münaqişənin sülh yolu ilə həllinə yönəlik bütün cəhdləri açıq şəkildə pozur. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə məhəl qoymayan və beynəlxalq hüququ kobud şəkildə pozan Ermənistan öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmaqdan imtina edir, qanlı etnik təmizləmə nəticəsində məcburi köçkünə çevrilmiş yüz minlərlə azərbaycanlının öz doğma yurd-yuvalarına geri qayıtmasının qarşısını alır və işğal olunmuş ərazilərin fiziki, demoqrafik və mədəni xarakterini dəyişdirməklə mövcud status-kvonu daha da gücləndirməyə çalışır”.

TİA.AZ-ın məlumatına görə, bunu AZƏRTAC-a müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

O qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində hər hansı irəliləyişin olmasına imkan verməmək üçün Ermənistan tərəfi həmişə təxribatçı əməllərə əl atır: “2014-cü ilin sonunda prezidentlərin Paris görüşündən sonra Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində 40 mindən çox şəxsi heyətin iştirakı ilə hərbi təlimlərə başladı və məlum helikopter insidentinin baş verməsinə rəvac verərək vəziyyəti gərginləşdirdi. 2015-ci il ərzində və 2016-cı ilin əvvəlində də münaqişənin həlli ilə əlaqədar konkret planlar müzakirə edildiyi halda, Ermənistan tərəfi hücum xarakterli yeni hərbi doktrina qəbul etdi və aprelin 2-də qoşunların təmas xətti boyunca əhalinin sıx məskunlaşdığı əraziləri, o cümlədən məktəblər, xəstəxanalar və ibadət yerlərini ağır silahlardan atəşə tutaraq, məlum aprel hadisələrinin baş verməsinin səbəbkarı oldu. Ermənistanın məsuliyyətsiz hücumları nəticəsində uşaqlar da daxil olmaqla, 6 nəfər həlak oldu, 33 nəfər ciddi yaralandı”.

XİN başçısı bildirib ki, Azərbaycan Silahlı Qüvvələri düşmənə layiqli cavab verib, əks-həmlə nəticəsində strateji əhəmiyyətli mövqeləri işğaldan azad edilib: “Aprel hadisələri zamanı Azərbaycan həm hərbi-diplomatik üstünlüyünü ortaya qoydu, həm də informasiya müharibəsində bu vaxta kimi apardığı davamlı fəaliyyətin nəticəsini gördü. Hadisələrin ilk dəqiqələrindən Xarici İşlər Nazirliyi vaxtaşırı bəyanatlar verərək Ermənistanın təxribatçı əməlləri barədə dünya ictimaiyyətini məlumatlandırdı. Dünyanın aparıcı informasiya agentlikləri XİN-in bəyanatlarına və açıqlamalarına istinad etdilər, xarici KİV nümayəndələrinin və diplomatik korpusun qoşunların təmas xəttinə səfərləri təşkil olundu. Onlar dövlət orqanları ilə əlaqəli şəkildə Azərbaycan həqiqətlərini dünyaya çatdıra bildilər, ölkəmizin diplomatik nümayəndəlikləri və konsulluqları bu prosesə yaxından qoşuldu və akkreditə olunduqları ölkə rəsmilərini və ictimaiyyətini məlumatlandırdılar. Sevindirici haldır ki, dünyanın nüfuzlu media orqanlarında ölkəmizin ədalətli mövqeyini əks etdirən çoxsaylı məqalələr dərc edildi, foto və videoreportajlar efirə getdi.

Beynəlxalq ictimaiyyət bir daha şahidi oldu ki, status-kvonun saxlanması və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu münaqişə zonasında gərginliyin əsas səbəbidir və münaqişənin siyasi həllinə başlıca maneə olaraq qalmaqdadır.

ATƏT-in Minsk qrupunun həmsədrləri dövlət başçıları səviyyəsində dəfələrlə status-kvonun qəbuledilməz və qeyri-davamlı olması barədə bəyanatlarla çıxış ediblər. Azərbaycan hazırkı status-kvonun dəyişməsində ən maraqlı tərəfdir. Bu xüsusda, biz Vyana və Sankt-Peterburqdakı yüksək səviyyəli substantiv müzakirələri doğru istiqamətdə atılmış müsbət addımlar kimi qiymətləndiririk. Biz bu fürsəti davam etdirməli və həmin görüşlərdə əldə olunmuş razılaşmaları gecikdirmədən konkret tədbirlərə çevirməliyik”.

E.Məmmədyarov hesab edir ki, siyasi müstəvidə əsaslı konkret nəticələr vəziyyəti köklü şəkildə dəyişəcək: “Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması, regional nəqliyyat və kommunikasiya xətlərinin bərpa edilməsi və müvafiq təhlükəsizlik tədbirlərini təmin edərək məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz və şərəfli qayıdışından başlamaqla münaqişənin fəsadlarının mərhələli şəkildə aradan qaldırılması münaqişə dinamikasının dəyişməsinə və regionda ümumi təhlükəsizlik mühitinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına gətirib çıxaracaq. Bu yanaşma BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsaslanır və xüsusilə, 1994-cü il Budapeşt Sammitinin qərarı daxil olmaqla, ATƏT-in qərarlarında təsdiq olunub”.

Azərbaycanın XİN başçısı vurğulayıb ki, Ermənistanın işğalçı siyasəti heç zaman uğurla nəticələnə bilməz: “Ermənistan bu reallığı nə qədər tez dərk etsə və silahlı qüvvələrini işğal olunmuş Azərbaycan ərazilərindən çıxarsa, münaqişə bir o qədər tez həll ediləcək, habelə Ermənistan və onun əhalisi əməkdaşlığın perspektivləri, eləcə də iqtisadi inkişafdan faydalanacaq.

Azərbaycan tərəfi ATƏT-in Minsk qrupunun həmsədrlərinin xarici işlər nazirlərinin son bəyanatında qeyd olunduğu kimi, həmsədrlərlə birlikdə münaqişənin substantiv danışıqlar yolu ilə həlli üzrə səylərini davam etdirəcək. Eyni zamanda, bu məqsədlə bütün beynəlxalq platformaların imkanlarından istifadə ediləcək”.