Ermənistan dövlət atributlarına dəyişikliyi Azərbaycan və Türkiyənin təzyiqi ilə edir? – Açıqlama

Ermənistan dövlət atributlarına dəyişikliyi Azərbaycan və Türkiyənin təzyiqi ilə edir? – Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda belə bir fikir formalaşıb ki, konstitusiya, habelə dövlət atributları olan gerb, bayraq və himnin dəyişdirilməsi üçün Azərbaycan və Türkiyə təzyiq göstərir. Əslində rəsmi Bakı və Ankara bu istiqamətdə Ermənistana təzyiq etmir, amma konstitusiya və gerbdə dəyişiklik edilməsini istəyir. Bunun da obyektiv səbəbləri var.

Bu sözləri Tribunainfo.az-a siyasi şərhçi Turan Rzayev Ermənistanda günlərdir müzakirə olunan konstitusiya, gerb, bayrağın dəyişdirilməsi ilə bağlı danışarkən deyib. Analitik bildirib ki, Ermənistan konstitusiyasında və dövlət gerbində Türkiyə və Azərbaycana qarşı ərazi iddiası var:

“Məsələ ondadır ki, Ermənistan konstitusiyasının 13-cü maddəsində deyilir: “Bu, Ermənistan Respublikasının gerbidir. Mərkəzdə, qalxanın üzərində tarixi Ermənistanın dörd krallığının gerbləri olan Ağrı dağı, Nuhun gəmisi təsvir edilib”.
Bildiyimiz kimi, Ağrı dağı Ermənistanın beynəlxalq hüquqla tanınan ərazilərinə aid deyil. Bu, açıq-aşkar Türkiyəyə ərazi iddiasıdır. Gerbdəki “tarixi erməni krallıqlarının” əraziləri isə həm Türkiyə, həm də Azərbaycan torpaqlarını əhatə edir. Yəni Ermənistan konstitusiyasında və dövlət gerbində Türkiyə və Azərbaycana qarşı ərazi iddiası var.

Konstitusiya dəyişikliyi Paşinyana Türkiyə ilə münasibətləri normallaşdırıb sərhədlərin açılmasını təmin etmək, beləliklə də Qərbə inteqrasiyanı sürətləndirmək üçün lazımdır. Bundan başqa, Nikol bununla həm də səlahiyyətlərini artıraraq ölkəsində bütün ipləri ələ almaq istəyir.

Ermənistan xüsusilə dövlət atributlarını dəyişdirərək 1918-ci ildə qurulmuş Ermənistan Demokratik Respublikasından imtina etmək istəyir.

Ermənistanın 1918-ci ilə aid himn, gerb və bayrağı daşıması, dövlət atributu sayması həm də Demokratik Respublikanın varisi olduğunu göstərir. Lakin İrəvan anlayır ki, özünü Ermənistan Demokratik Respublikasının varisi və davamçısı sayaraq, sərhədlərin delimitasiya və demarkasiyasının 1970-1980-ci il xəritələri ilə müəyyən edilməsinə nail ola bilməyəcək. Buna görə də tədricən onlardan imtina edir”.
Nigar