“Ermənistanın qonşularına qarşı heç bir ərazi iddiası yoxdur. Yeri gəlmişkən, bunu Ermənistanın bütün hakimiyyət orqanları – Serj Sarkisyan və Robert Köçəryanın dövründə bəyan ediblər”. Tribunainfo.az News.am-a istinadən xəbər verir ki, bu barədə dekabrın 7-də parlamentdə jurnalistlərlə söhbətində Ermənistan Milli Assambleyasının spikeri Alen Simonyan bildirib.
“Onlar heç vaxt deməyiblər ki, Azərbaycana qarşı ərazi iddiaları var. Bəli, onlar Qarabağın Azərbaycanın bir hissəsi olduğunu deməyiblər, amma biz ucadan deyirik ki, biz heç bir qonşu dövlətin beynəlxalq səviyyədə tanınmış ərazisini tanıyırıq və ona iddia etmirik”, – Simonyan bildirib.
Ermənistan parlamentinin spikeri Qarabağlı ermənilərin evlərinə qaytarılması məsələsinin müzakirə olunub-olunmaması ilə bağlı suala belə cavab verib: “Məncə, təhlükəsizlik problemlərinə görə bu, bir qədər vaxt aparacaq. Bu mənim fikrimdir. Bu o demək deyil ki, mövzu ətrafında heç bir söhbət getmir və ya onunla bağlı qərarlar qəbul edilir. Amma düzünü desəm, təsəvvür edə bilmirəm ki, bu gün ermənilər Qarabağa qayıda bilər, 2-3 gün ərzində 100 mindən çox erməni Qarabağı tərk edib qaçıb. Bəli, biz hər kəsin öz evlərinə qayıtmasını istəyirik, lakin eyni zamanda Ermənistandakı soydaşlarımızı ehtiyac duyduqları hər şeylə təmin etməyə çalışırıq. Bir çox proqnozların əksinə olaraq deyə bilərik ki, biz maksimumu etdik və bundan sonra da edəcəyik”.