Separatçılar və erməni müxalifəti Qarabağla bağlı ard-arda iki kampaniyaya start verməyə hazırlaşırlar. Tribunainfo.az xəbər verir ki, həmin kampaniyalardan biri Azərbaycanın məhkəməyə verilməsi ilə bağlıdır.
Belə ki, “Azadlıq Radiosu”nun erməni bölməsi xəbər yayıb ki, separatçılar və onlara dəstək verən erməni müxalifəti Qarabağdan köçdüyü iddia edilən 120 min ermənin adından beynəlxalq məhkəməyə müraciət edəcək. Bunun üçün imzatoplama kampaniyasına belə start verildiyi deyilir.
İkinci kampaniya isə separatçıların nümayəndəsi, qondarma “parlament”in üzvü Marsel Petrosyan tərəfindən irəli sürülüb. O deyib ki, doqquz ay doqquz gün keçdikdən sonra bu dəfə Ermənistanın müxtəlif rayonlarından və İrəvan şəhərindən gələn kortejlər Qarabağa doğru hərəkət etməlidirlər. “Qayıdış bir neçə mərhələdə təşkil edilməlidir. Bizim heç bir ölkə ilə, o cümlədən Ermənistanla məsləhətləşməyə, razılaşmağa ehtiyacımız yoxdur. Biz dədə-baba ocaqlarımıza qayıdırıq və heç bir qüvvə yolumuzu kəsə bilməz. Başqa çarəmiz qalmadı. Mən bilirəm kimə etibar etmək olar, amma gəlin, hakimiyyətin iştirakı olmadan birlikdə qərar verək. Mütəşəkkil olmayan deportasiyadan sonra mütəşəkkil repatriasiya aparılmalıdır”.
P.S. Ermənilərin belə həvəsləri çox olacaq. Lakin hamısı gecikmiş və heç bir işə yaramayan haldır. Çünki zamanında onlara verilən şansdan yararlanmadılar. İndi geri dönmək istəsələr belə, hansı sənədlə və əsasla Azərbaycan ərazisinə daxil olmaq istəyəcəklər? Hansısa qondarma “pasport”la? Və Azərbaycan Ermənistan vətəndaşı olan erməniləri niyə öz ölkəsinə buraxmalıdır? Azərbaycan vətəndaşlığını qəbul edib, Qarabağda yaşamaq fikrindədirlərsə, ona baxmaq olar. Amma bir şərtlə. Xankəndinə qayıtmaq istəyənlərin kçemiş əməlləri mütləq yoxlanılmaqla. Əgər Azərbaycana qarşı hansısa döyüşlərdə, terrorda iştirak ediblərsə, o zaman getsinlər başqa yerdə özlərinə “vətən” axtarsınlar.