“Ermənilər yaşayan ərazilərimizin de-fakto Azərbaycanın yurisdiksiyasına keçmə prosesi necə olacaq? Bu, nə vaxt yekunlaşacaq? Hazırda cəmiyyəti ən çox maraqlandıran və geniş müzakirə edilən sualların başında bunlar gəlir. Bayrağımızın Xankəndidəki inzibati binada dalğalanması vacibdir, amma ərazilərin de-fakto yurisdiksiyamıza daxil edilməsi uzun prosesdir. Rusiya hərbiçilərinin əhatəsində qalan ərazilərimizin de-fakto Azərbaycan yurisdiksiyasına keçməsi üçün xeyli proseslər var”.

Bunu Bakupost.az -a açıqlamasında Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, hüquqşünas Sahib Məmmədov deyib.
O bildirib ki, sözügedən ərazilərdə yaşayacaq ermənilər Azərbaycan vətəndaşlıqlarını təsdiq etdirməlidirlər. Bunun üçün onlar 1992-ci ilin yanvar ayının 1-nə qədər həmin ərazilərdə yaşamış olduqlarını sübut etməlidirlər. Bu dövrdən sonra doğulanlar isə “qan hüququ” əsasında vətəndaşlıqlarını təsdiqlədə bilərlər. 1992-ci ilin yanvar ayının 1-dən sonra əraziyə köçüb gələnlərə vətəndaşlığın verilib-verilməsi Azərbaycan Prezidentinin müstəsna səlahiyyətinə aid məsələdir. Məsələn, kimsə yerli erməni ilə nikaha girmək üçün həmin əraziyə köçübsə, bu zaman ona vətəndaşlıq verilə bilər:
“Bu ərazilərdə 30 ildən artıq müddətdə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq olunmayıb. Beləliklə, ərazilərdə Azərbaycan qanunvericiliyinin tətbiqi bir qədər uzun prosesdir. Niyəsini izah etsəm, böyük bir yazı alınar. Qısaca deyim ki, ilk növbədə qanunvericiliyi hissə-hissə tətbiq etmək zərurəti yaranacaq. İlk növbədə Konstitusiyanın 124-cü maddəsinə uyğun olaraq, yerli icra hakimiyyəti orqanları formalaşmalıdır. Daha sonra polis, məhkəmə, prokurorluq, sosial təminat, təhsil, mədəniyyət, daşınmaz əmlakın reyestri xidməti, vergi, gömrük və s. orqanlar tədricən müvafiq qurumların təyinatları olmaqla yenidən təşkil edilməlidirlər. Növbəti bələdiyyə seçkilərində yerli özünüidarə orqanları da formalaşdırılmalıdır. 30 ildən artıqdır ki, orada yaşayan ermənilər bizim sosial təminat sistemindən kənardadırlar. 2006-cı ildən başlayaraq, pensiya yığımı fərdiləşib və hərə özü üçün yığım etməlidir. İndi belə çıxır ki, biz yığdıqlarımızın bir hissəsini erməni mənşəli vətəndaşlarımıza verməliyik? Hər halda, həlli problemli məslələrdəndir”.
S.Məmmədov bildirib ki, ən başlıcası idarəetmə tam olaraq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun aparılmalıdır. Bütün dövlət orqanlarında kargüzalıq Azərbaycanın dövlət dilində olmalıdır. Orada yaşayan ermənilərin arasında Azərbaycan xalqına qarşı hərbi, insanlıq əleyhinə və soyqırım cinayətləri törədənlər tapılıb, mühakimə olunmalıdırlar. Bu halda nə əfv, nə amnistiya mexanizmi tətbiq edilməlidir. Siyahını xeyli uzatmaq da olar. Amma ən azı bunların edilməsi illərlə vaxt aparacaq. İndi bizi Müzəffər Ordumuzun qalib əsgərlərinin çəkməsi altında qalmış əski parçasının hardan asılmasından daha çox, bu məslələrin həlli düşündürməlidir:
“Əvvəllər orada yaşayanların çoxunun qazancı hərbi xidmətdən və hərbi infrastrukturun saxlanılmasından gəlirdi. İndi bu qazanc olmayacaq. Əvvəllər onlar işğalda saxladıqları ərazilərimizi istismar edir, söküb satır, əkib-biçirdilər. Mədən sənayemizi mənimsəyirdilər. Mineral sularımızı satırdılar. Turizmi qismən bərpa etmişdilər. İndi bunların heç biri olmayacaq. Deməli, kimsə onları saxlamalıdır. Ermənistan təkbaşına bunu edə bilməyəcək. Rusiya yardımı da kifayət etməyəcək. Belədə onların orada yaşamaları sual altına düşür. Ermənilər torpağa bağlı xalq deyillər, köçəri xalqdırdır və bu, tezliklə özünü növbəti dəfə göstərəcək”.