Suriyada baş verən hadisələrdən sonra bu ölkədə yaşayan ermənilər kütləvi şəkildə Ermənistana köçməyə başlayıblar. Tribunainfo.az xəbər verir ki, hazırda Dəməşq hava limanı işləmədiyindən onlar Livan üzərindən İrəvana uçuşlar edirlər.
Yerli medianın xəbərinə görə, təkcə dünən Beyrut-İrəvan reysi üzrə 4 üçuş həyata keçirilib. Maraqlıdır ki, İrəvan hökuməti bu məsələdə aktivdir və onların köçünü təşkil etmək üçün əlavə reyslər ayırmağa başlayıb.
Ermənilər köçlərini oradakı vəziyyətin pis olması ilə əsaslandırırlar. Lakin burada başqa mətləblərin olması istisna deyil. Əvvəla, Suriyadakı ermənilər dinc oturmayaraq, Bəşər Əsədi devirmiş yeni qüvvələrə qarşı çıxmağa başlamışdılar. Hətta onların silahlı dəstələri PKK-ya qoşularaq, onlarla birlikdə savaşacaqlarını bəyan ediblər.
Digər tərəfdən, bu köçün Ermənistanın da işinə yarayacağı şübhəsizdir. Böyük ehtimalla onları Azərbaycanla sərhəddə yerləşdirəcəklər. Və adlarını da “qaçqın” qoyacaqlar. Bu da ona görə lazımdır ki, əgər sərhəddə hər hansı insident baş verərəsə və orada Suriyadan gəlmiş “qaçqınlar”dan birinin burunu qanayacaqsa, İrəvan yenə səsini başına atacaq. Bütün dünyaya “soyqırım” deyərək, həyasızlıq edəcək.
Nəzərə alaq ki, Ermənistan 2020-ci ilə qədər də bu şəkildə addımlar ataraq, bir qrup suriyalı ermənini işğal altında olan Qarabağa yerləşdirmişdi. Lakin 44 günlük müharibədə bu faktor onların işinə yaramadı.