Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa Milli Məclisin komitə sədri Arif Rəhimzadənin Rusiyanın km.ru saytına açıqlaması zamanı azərbaycanlıların türk olmaması barədə söylədiyi fikirlərə münasibət bildirib.
Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa Milli Məclisin komitə sədri Arif Rəhimzadənin Rusiyanın km.ru saytına açıqlaması zamanı azərbaycanlıların türk olmaması barədə söylədiyi fikirlərə münasibət bildirib.
F.Mustafa Publika.az-a açıqlamasında deyib ki, Arif Rəhimzadənin fikirləri səhvdir:
“Həmkarım Arif Rəhəmzadəyə obyektiv insan kimi hörmətim olsa da, bu məsələdə tamamilə yanlış düşündüyünü söyləyə bilərəm. Müsahibədə səsləndirdiyi fikirləri hətta zərərli hesab edirəm. O zaman mən də bəyan edirəm ki, türk millətindən olmağı özüm üçün ən böyük şərəf hesab edirəm. Bu gün dilimizin adı siyasi anlamda Azərbaycan dilidir. Elmi cəhətdən Azərbaycan dili deyilən bir dil varmı? Bu dilin mənşəyi varmı? Xalq öz dilini doğru söyləməyəcək, onu dəyişdirəcək ki, bu kiminsə xoşuna gəlməyə bilər? Necə olur ki, Azərbaycanda talış, ləzgi, udin, kürd dillərinin mövcudluğundan danışılır, ancaq türk dilinin varlığından danışmaq qəbahət sayılır? Azərbaycanda türk dili yoxdur?”
F.Mustafa qeyd edib ki, bu dilin elmi adı alternativsiz türk dilidir:
“Millətin adını azərbaycanlı deyirsən. Azərbaycanlı millət var? Bu addan bir vətəndaşlıq modeli olaraq istifadə olunur. Vətəndaşlıq modelindən başqa, bu mənşə olaraq nə millətidir? Təbii ki, Azərbaycanda bütün millətlərdən var, amma dominantlıq təşkil edən türklərdir. Türklər də bütün milli azlıqların hüquqlarının qorunmasının təminatçısıdır. Həm də buna görə məsuliyyət daşıyırlar. Onda rus xalqı desin ki, biz yoxuq. Biz Rusiya xalqıyıq? Onda da bizim kimi türk olan tatar özünə tatar desin, çeçen özünə çeçen desin, rus da desin ki, mən rusiyalıyam? Bəli Azərbaycan dövləti var, hamımız Azərbaycan vətəndaşıyıq, hamımız qanun qarşısında bərabər hüquqa malikik. Amma bu dilin adı türk dilidir”.
Deputat vurğulayıb ki, çoxluq adı türk dili olduğu üçün azlıq da ümumi ünsiyyət vasitəsi kimi bu dili qəbul etməlidir:
“Necə olur ki, Anadolu türkü türk sözünü özünə şamil edir, biz türk ola-ola bunu özümüzə şamil etmirik? Sadəcə bu tanıtımı biz siyasi məqsəd kimi istifadə etməməliyik. Biz onsuz da Azərbaycan vətəndaşı kimi bərabər hüquqa malikik. Hansısa azsaylı xalqların narazı qalmaması üçün, yaxud da Rusiyanın xoşuna gəlmək üçün öz millətimizi danmalıyıqmı? Əksinə bunu açıq söyləyərək onlarla daha çox səmimi oluruq. Açıq söyləməyəndə onlar özlərini bizim ümumi ad altında daha çox ərimiş hiss edirlər və beləcə qeyri-səmimilik yaranır. Ermənilər bizi olduğumuz kimi Türk çağırırlar, bizdə isə bir çoxları nədənsə öz gerçək adını söyləməkdən utanır”.