İranda baş verən helikopter qəzası və ölkə başçısı ilə bərabər, daha bir neçə rəsmi şəxsin ölməsindən sonra Ermənistan ciddi narahat olmağa başlayıb. Tribunainfo.az xəbər verir ki, bu narahatlıq İranın güc itirə biləcəyi və Ermənistana dəstəyini azaldacağı ilə bağlıdır.
Erməni politoloq Stepan Danielyan deyir ki, hazırda İranda çox ciddi daxili siyasi tənzimləmələr başlayıb. “Bu müddət ərzində o, xarici çağırışlara tam və kəskin cavab verə bilməyəcək”.
O hesab edir ki, bu, ərəb dövlətləri üçün də problemdir. “Çünki onlar fələstinliləri müdafiə etmək kimi əsas missiyanı öz üzərinə götürmüş İranın arxasında gizlənə bilməyəcəklər. İndi əsas məsuliyyət ərəb ölkələrinin üzərinə düşür”.
Danelyanın sözlərinə görə, baş verənlər Ermənistan üçün də təhlükə yaradır. “Bu, bizim üçün də təhlükəli dövrdür. Ona görə ki, İran Qafqazdakı qırmızı xətlərini tam qoruya bilməyəcək”.
Qeyd edək ki, İran 44 günlük müharibədən sonra Zəngəzur Dəhlizi və sərhədlərin dəyişdirilməsi məsələsini özünün “qırmızı xətti” hesab edir. Bununla bağlı, rəsmi Tehran dəfələrlə bəyanat verməklə yanaşı, həm də zərurət olarsa, hərbi imkanlardan istifadə edə biləcəyini də vurğulayıb. Eyni zamanda, Qafanda konsulluq belə açıb.
Ermənistan Zəngəzur Dəhlizi mövzusunda İranın tutduğu mövqedən səmərəli istifadə etməyə çalışır. İrəvan Bakı ilə üz-üzə gələ bilməyəcəyinin fərqindədir və bu səbəbdən də kənardan dəstək axtarır. Tehran isə onun əsas müttəfiqlərindən biridir.
Amma son günlər yaşananlar fonunda İranın zəifləyəcəyi, bir sıra mövqelər itirəcəyi artıq müşahidəçilər tərəfindən də təsdiqlənir. Bu itirilən mövqelərdən biri də “qırmızı xətt”lərlə bağlı olacaq. Elə Ermənistanı da narahat edən bu məqamdır. Yəni, İran geri çəkiləcək, İrəvan isə ortalıqda qalacaq.