Erməni mediasının dezinformasiya oyunu… Sülhə mane olmağa çalışırlar – Ekspertlər

Erməni mediasının dezinformasiya oyunu… Sülhə mane olmağa çalışırlar – Ekspertlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Silahlı Qüvvələrinin dekabrın 31-dən yanvarın 1-dək Ermənistan silahlı qüvvələrinin guya Zod kəndi istiqamətindəki mövqelərinə atəş açması barədə erməni mətbuatında yayılan məlumatların həqiqətə uyğun olmadığını elə Ermənistan Müdafiə Nazirliyi də təsdiq edib. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan Azərbaycan tərəfinin bundan əvvəl diversiya cəhdi törətməyə çalışması barədə “məlumatı” da yalan adlandırıb. Hər iki dezinformasiyanı ilk yayan həmişəki kimi erməni “Hraparak” nəşri olub. Maraqlıdır ki, iki ölkə arasındakı sərhəddə sakitlik hökm sürərkən bəzi erməni nəşrləri nədən “atəşkəsin pozulması” barədə xəbərlər yaymağa başlayıblar?

Tribunainfo.az yazır ki, politoloq Elxan Şahinoğlunun fikrincə, mövcud sakitlik Ermənistandakı Qarabağ klanının və onların simasında radikal müxalifətin maraqlarına cavab vermir, gərginliklə bağlı dezinformasiyaları özlərinə yaxın nəşrlərə ötürməklə iki ölkə arasında sülh sazişinin imzalanması perspektivinə mane olmaq istəyirlər:

“Qarabağ klanı “dezinformasiyalardan” faydalana bilmədikdə, ordudakı bir qrup tərəfdarı vasitəsilə də təxribata əl ata bilər. Misal üçün mövqelərimizə atəş açaraq cavab atəşini Azərbaycan ordusunun həmləsi kimi qələmə verməyə çalışa bilərlər. Baş nazir Nikol Paşinyan Ermənistandakı təxribatçılar barədə ölçü götürmək məcburiyyətindədir”.

Siyasi şərhçi Asif Nərimanlı isə hesab edir ki, Ermənistanın xüsusilə müxalif mediasında Azərbaycan ordusunun Zod (Söyüdlü) mədəninə daxil olduğu haqda tirajlanan iddia ilk baxışdan Paşinyan hakimiyyətinə qarşı ittiham kimi görünür:

“Belə bir iddianı gündəmə gətirməklə “Paşinyan Bakı ilə sülh danışıqları aparır, amma Azərbaycan ordusu irəliləyir” tezisini təbliğ etməyə çalışırlar.


Lakin burada bir məqam şübhələr də yaradır: Ermənistan Xarici İşlər Nazirliyi dünən sərhəddə qoşunların “güzgü prinsipi” əsasında çıxarılması haqda təkliflərinin qüvvədə olduğunu bəyan etdi. İrəvan Azərbaycan ordusunun sərhəd boyu ərazilərdə mövqeləndiyi strateji yüksəkliklərdən geri çəkilməsinə nail olmağa hesablanmış bu təklifini daim səsləndirir, lakin dünən, yaxud ondan öncəki günlər bu haqda danışmağa zəmin yaradan hansısa hadisənin baş verməməsi xüsusilə diqqət çəkir.

İrəvan “güzgü prinsipi”nin vacibliyini göstərmək üçün sərhəddə gərginliyin olmasında maraqlıdır. Bu baxımdan, Ermənistan XİN-in dünənki bəyanatından sonra “Azərbaycan ordusunun Zoda daxil olması” iddiasının tirajlanması diqqəti rəsmi İrəvanın üzərinə yönəldir. İstisna deyil ki, “güzgü prinsipi”ni yenidən gündəmə gətirən Ermənistan hakimiyyəti belə bir iddia ilə sərhəddə gərginliyin davam etdiyini və yeganə çıxış yolunun qoşunların geri çəkilməsi olduğunu göstərmək istəyir. İddianın müxalif mediada tirajlanması iz azdırmaq məqsədi daşıya bilər”.