“ABŞ Dövlət Departamenti ermənipərəst koqnresmenlərin yedəyində süründüyünə görə Azərbaycanla Ermənistan arasında vasitəçi statusunu itirmək üzrədir.
Xarici işlər naziri Ceyhun Bayramov noyabrın 20-də Vaşinqtonda Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşdən imtina edib. Bu o deməkdir ki, rəsmi Bakı Vaşinqtonun vasitəçiliyindən imtina edə bilər”.
Tribunainfo.az bildirir ki, analitik Elxan Şahinoğlu Konqresdə dinləmələri və Blinkenin köməkçisinin çıxışını belə dəyərləndirib.
“Amerikalı rəsmilər və diplomatlar Cənubi Qafqazla bağlı Konqresin komitələrinin dinləmələrində çıxış edərkən adətən Azərbaycanın siyasətini tənqid edirlər.
Çünki Konqresdə dinləmələri təşkil edənlər erməni lobbisinə yaxın konqresmenlərdir. Onlar isə dinləmələrdə Azərbaycan haqqında yalnız tənqidi fikirlər dinləmək istəyirlər.
Bu baxımdan Dövlət Departamentinin rəsmiləri problemlə üzləşməmək üçün konqresmenlərin istəklərinə zidd fikirlər söyləmirlər”, – politoloq belə düşünür.
Onun fikrincə, ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Ceyms O,Brayn Konqresdəki çıxışında amerikalı diplomatların Bakıya səfərlərinin təxirə salındığını desə də, ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono noyabrın 8-də Bakıda olub:
“O il ərzində bir neçə dəfə Bakıda olub, prezident İlham Əliyevlə və xarici işlər naziri Ceyhun Bayramovla müzakirələr aparıb. Vaşinqtonun məqsədi Ermənistanı Rusiyadan uzaqlaşdırmaqdır. Buna baxmayaraq, Brüssel kimi Vaşinqton da “Azərbaycan Ermənistana təhlükə yaradır” bəhanəsiylə Ermənistana dəstəyi artırmağı qərar verib.
Halbuki Brüsselin və Vaşinqtonun məqsədi Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmasını və Rusiyanın hərbi bazasından imtinasını təmin etməkdir.
Brüssel və Vaşinqton Cənubi Qafqaz siyasətini “Azərbaycan təhlükəsi” üzərində qurduqca 1) Cənubi Qafqazda möhkəmlənmək imkanlarına zərbə vururlar; 2) Rusiyanı sıxışdırmaq siyasətində Azərbaycanı itirirlər”.
Siyasi şərhçi Asif Nərimanlı hesab edir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasında “Dağlıq Qarabağın gələcəyi” mövzusunda keçirilən dinləmələr erməni lobbisinin “əl işi” olsa da, Vaşinqtonun Cənubi Qafqaz siyasətinin bir hissəsidir:
“Təzyiqlə rəsmi Bakını danışıqları Qərb masasında aparmağa məcbur etməyə çalışırlar. Hərçənd, bu yanaşma Vaşinqtonu Parisin taleyi ilə üz-üzə qoya bilər. Birincisi, dinləmələrə “Dağlıq Qarabağın gələcəyi” adının verilməsi tamamilə bitmiş və perspektivi olmayan “Qarabağ münaqişəsi”ni gündəmdə saxlamaq, erməni separatizmini körükləmək cəhdidir. Azərbaycan bunu nəyin bahasına olursa olsun qəbul etməyəcək.
İkincisi, Azərbaycan Fransanın vasitəçiliyindən imtina etdikdə sonra Paris faktiki oyundan kənarda qaldı və bunu heç bir təzyiq dəyişdirə bilmədi. Vaşinqton da oyundan kənarda qalarsa, təzyiqlə nəyəsə nail ola bilməyəcək.
Üçüncüsü, Qarabağda erməni separatizmi ləğv edilib, bundan sonra sülh müqaviləsi imzalanmasa belə Azərbaycan itirən tərəf olmayacaq və bu, Bakıya istəmədiyi masada danışıqlardan imtina etmək imkanı yaradır, əksinə, hansı masada danışıqlara razı olarsa, həmin tərəfi ön plana çıxara biləcək. Azərbaycan artıq noyabrın 20-də keçirilməsi nəzərdə tutulan Vaşinqton görüşündən imtina etdi və bu imtinada itirən tərəf Bakı deyil”.
Siyasi ekspert Məhəmməd Əsədullazadənin sözlərinə görə, ABŞ Konfransının Xarici Əlaqələr komitəsində “Dağlıq Qarabağın” gələcəyi ilə bağlı dinləmələrdə dövlət katibinin köməkçisi Ceyms Obrayn və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Avrasiya və Avropa Bürosunun rəhbərinin müavini Aleksandr Sokolovski çıxış edərək Azərbaycanı ittiham ediblər:
“Erməni lobbisinin təsiri ilə keçirilən bu dinləmələr, ABŞ Azərbaycan əlaqələrində ciddi problem yarada bilər.
Dövlət katibinin köməkçisi Ceyms Obrayn ABŞ Azərbaycan arasında yüksək səviyyədə səfərlərin ləğv edildiyini və ölkəmizə qarşı 907-ci düzəlişin tətbiq ediləcəyini vurğuladı.
ABŞ Ermənistana təzyiq edərək Azərbaycanla sülh müqaviləsinin bağlanması əvəzinə 90-cı illərdə tətbiq etdiyi yanlış siyasəti yenidən reallaşdırır.
Halbuki Azərbaycan öz ərazilərini işğaldan azad etməsəydi, Ermənistan Rusiyanın təsirində olaraq Vaşinqtonun region siyasətində irəliləyiş olmayacaqdı. ABŞ Azərbaycanla əməkdaşlığa önəm verəcəkdi.
ABŞ Ermənistan vasitəsilə regionda Rusiyanı çıxarmaq və Azərbaycana qarşı hərəkət etməsi məhz öz geostrateji mövqeyinə zərbə vurur. Ermənistanın Azərbaycana qarşı başlatdığı siyasi və diplomatik müharibə fonunda ABŞ və Fransanın həyata keçirdiyi siyasətə qarşı Azərbaycan addımlar atmalıdır.
Vaşinqtonla diplomatik təmasları artırmalı və ölkəmizə yönələn siyasi təzyiqləri neytrallaşdırmalidir. Ermənistan beynəlxalq müstəvidə əlverişli gündəm yaradıb, Azərbaycana qarşı hərbi hücumlar reallaşdıra bilər.
Qeyd edim ki, Vaşinqton İranla Azərbaycan arasında Zəngəzur dəhlizi ilə bağlı memarandu da hədəf alıb. Azərbaycanı İran və Rusiya ilə birgə hərəkət etdiyi üçün qınayıb. Halbuki, son illərə kimi Ermənistan, Rusiya və İranla birgə Azərbaycana qarşı siyasət aparıb, işğal siyasətini davam etdirib.
Bu da ABŞ regional siyasətinə zərbə vururdu. Vaşinqton Türkiyə və Azərbaycan tandemini hədəf alaraq Ermənistan vasitəsilə regionda gərginlik yaratmağı planlaşdırır. ABŞ strateji səhvə yol verir və regionda izlədiyi siyasət erməni revanşizminə yağ sürtür. Nəticədə Ermənistan növbəti məğlubiyyətlə üzləşəcək”.
Politoloq Zaur Məmmədovun fikrincə, son 20 ildə Vaşinqtonun ölkəmizə hərbi məqsədlər üçün köçürdüyü maliyənin statistikası göstərir ki, bu yardım onsuz da cuzi idi:
“Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, ABŞ bu illər ərzində İranla sərhəddə və Xəzər dənizində Azərbaycanın sərhədlərinin təhlükəsizliyini nəzərdə tutan yardımlar edirdi.
Uzun sözün qısası, Vaşinqtonun bu qərarı Azərbaycanı regional dövlətlərdən uzaqlaşdırmır, əksinə, yaxınlaşdırır, eyni zamanda Ermənistanın təhlükəsizliyini sığortalamır.
Bu arada, məlum olduğu kimi ABŞ parlamentində anti – Azərbaycan bəyanatlarının və qərarlarının verilməsindən dərhal sonra XİN 20 noyabr okeanın o tayında birtərəfli qaydada razılaşdırılmış ABŞ – Ermənistan – Azərbaycan görüşündən imtina edildiyini bəyan etdi.
Əsl səbəbi deyim? ABŞ və Fransa Azərbaycan və Ermənistan arasında imzalanması üçün hazırladıqları sülh müqaviləsinin mətnində Qarabağ ermənilərinin qayıdışı, onların hüquq və təhlükəsizliklərinin təmin edilməsi öhdəliyini rəsmi Bakının üzərinə qoymaq istəyirlər. Azərbaycan bu cür mətnə imza atmayacaq və ona görə də Qərbdə təklif edilən görüşlərdən bu vəziyyətdə imtina ediləcək.
2024 – cü ilin ilk 6 ayı ərzində Aİ strukturlarındakı seçkiləri, payızında ABŞ – da keçiriləcək seçkiləri nəzərə alsaq Azərbaycan – Ermənistan arasında danışıqlarının birmüddətlik dondurulması istisna deyil. .
Yeri gəlmişkən, Azərbaycanın milli maraqlarına zidd aşağıdakı çağırışların tətbiqi Qərbdə arzu olunandır:
1. 2025 – ci ildə rus sülhməramlılarının beynəlxalq missiya ilə əvəzlənməsi və onlara hüquqi statusun verilməsi.
2. Zəngəzurda Azərbaycan ilə sərhədboyu Türkiyəni çıxmaq şərtilə faktiki olaraq bütün NATO dövlətlərinin mülki missiyasının sayının artırılması.
3. Fransa silahlarının Zəngəzura yerləşdirilməsi.
4. Zəngəzur nəqliyyat qovşağının Qərbin başçılığı altında Ermənistan vasitəsilə işə salınması.
Yuxarıda sadalananlardan bir daha anlaşılır ki, ABŞ Qafqazdakı hadisələrə, həm də, İran və Rusiya baxış bucağı çərçivəsində yanaşır. Lakin, okeanın o tayındakı strateqlər bilməlidirlər ki, bu və digər məsələlərdə onların Ermənistana vurğu etmələrinin perspektivi yoxdur.
Ermənilər isə boşuna həvəslənməsinlər. Rusiyaya arxa çevirmək onlara baha başa gələcək. Öz növbəsində, Uzaq Qərbdəki seçkilərdən sonra Qafqaza baxış bucağı da dəyişəcək.
1 milyonluq erməniyə görə heç kim Azərbaycan və Türkiyə ilə küləyi uzunmuddət əsdirməyəcək. ABŞ – Azərbaycan münasibətlərində hazırki qara buludlar birazdan dağılacaqlar…”
Tribunainfo.az-ın siyasət şöbəsi