Azərbaycanla sərhəddə yerləşən Güney kəndinin (ermənilər oranı Kirants adlandırırlar) sakinlərinə xəbərdarlıq edilib. Tribunainfo.az xəbər verir ki, güneylilərə çatdırılıb ki, ən geci 5 gün ərzində Azərbaycanın ərazisi olan hissədəki evlər boşaldılmalıdır.
Deputat Qarnik Danelyan News.am-a bildirib ki, bu gün Tavuş qubernatoru ilə görüşdə Güney kəndinin sakinləri tələbi rədd ediblər. “Onlar nə kompensasiya, nə də evlərini tərk etməklə bağlı tələbi qəbul etməyiblər”.
Rəsmi İrəvan isə bəyan edib ki, sərhədlərin demarkadiyası nəticəsində Güney kəndində mövcud olan iki ev, habelə Gürcüstan-Ermənistan dövlət sərhəddini birləşdirən körpü və 57 hektar ərazi Azərbaycana məxsus ərazidə yerləşdiyi üçün Bakıya qaytarılacaq. Kəndlilər evləri tərk etməyəcəyi təqdirdə, onlara iki təklif olacaq. Birincisi, evləri tərk etməlidirlər və bunun müqabilində kompensasiya alacaqlar. İkincisi isə evləri tərk etməyənlər Azərbaycan vətəndaşlığı üçün Bakıya müraciət edə bilərlər. Heç bir təklif qəbul edilməzsə, o zaman evekuasiya prosesi məcburi qaydada həyata keçiriləcək.