Laçın yolunda erməni karvanı hələ də gözləməkdədir. Bu proses günlərlə davam edə bilər. Rəsmi Bakı onları Qarabağa buraxmayacaq. Nəticədə ya məhsullar xarab olacaq, ya da karvan geri qayıdacaq. Tribunainfo.az-ın analitik şöbəsi təhlil edir ki, Ermənistan hakimiyyəti beynəlxalq təzyiqi üzərimizə yönəltmək üçün bu siyasəti davam etdirəcək. Qərbdən gələn çağırışlar isə bəyanatdan o yana keçmir. İrəvan ümid edir ki, Rusiya və Avropa Birliyi karvanı dəhlizdən keçməyə məcbur edə biləcək. Lakin Paşinyan komandası təcrübədən bilir ki, heç bir təzyiq kampaniyası bizi haqlı yoldan döndərə bilməyib. Yəni istər ekofəalların aksiyası olsun, istər postun qurulması, istərsə də şərti sərhəddə hakim yüksəkliklərə nəzarət…Bəs, bu hadisələrin nəticəsi necə olacaq? 19 TIR nə vaxta qədər gözləyəcək? Avropalı səfirlərin, diplomatların sərhədə gətirilib həmin mənzərəni müşahidə etməsi də böyük rol oynaya bilmir. Yeri gəlmişkən, Rusiyada liderlərin görüşü nəzərdə tutulur. Paşinyan ümid edir ki, Putin Əliyevə təzyiq göstərə bilər. Amma ötən dövrdə də Kreml başçısı heç bir addım ata bilməyib. Eyni zamanda, bizdən nə tələb edə bilər ki? Hər dövlətin öz legitim haqqı var. Bundan əlavə, oktyabrda Qranada şəhərində də Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Mişelin vasitəçiliyi ilə növbəti görüş təşkil olunacaq. Amma gedişat göstərir ki, istər Avropada, istərsə Rusiyada keçiriləcək görüşlər müsbət nəticə verə bilməz. Bu minvalla ilin sonuna qədər sülh müqaviləsi imzalanması real deyil. Əgər Qarabağ ətrafında və şərti sərhəddə ermənilər maşa kimi istifadə edilərək strateji oyunların alətinə çevrilirsə, o zaman hər hansı irəliləyişdən danışmağa dəyməz. Prezident Əliyev isə 2023 ilini Ermənistan üçün son adlandırmışdı. Deməli, yardım karvanı göndərməklə, avropalı revizorları sərhədə yerləşdirməklə anlaşmaları pozan Ermənistan “Dəmir yumruq” üçün darıxıb. İstisna deyil ki, payızda yeni lokal toqquşmalar, sərhəd münaqişələri yaşansın. Masada proses pozulursa, iş hərb meydanına qalır…