Ötən ilin aprel döyüşlərində aldıqları zərbələrdən sonra Qarabağdakı erməni silahlı birləşmələri müdafiə xəttini durmadan möhkəmləndirir.
Ötən ilin aprel döyüşlərində aldıqları zərbələrdən sonra Qarabağdakı erməni silahlı birləşmələri müdafiə xəttini durmadan möhkəmləndirir.
Virtualaz.org xəbər verir ki, qondarma “DQR”in “təhlükəsizlik şurasının katibi”, general Vitali Balasanyan “Mediamaks” agentliyinə müsahibəsində hazırda birinci müdafiə xəttində bütün mühəndis işlərinin yekunlaşdığını deyib. Onun sözlərinə görə, ikinci və üçüncü müdafiə xətlərində bir az yarımçıq işlər qalıb ki, bunlar da yekunlaşmaq üzrədir.
Vitali Balasanyan özünə və ötən ilin aprelində təmas xəttinin iki istiqamətində Azərbaycan ordusunun əks-həmləsinə tab gətirməyib darmadağın olan erməni ordusuna təskinlik verərək deyib ki, Azərbaycanın nəzarət altına aldığı ərazilər “strateji əhəmiyyət kəsb etmir”. “Lakin itirilən hər santimetr torpaq, hər ölən əsgər bizim üçün dözülməz və ağır dərddir”-öz mövqeyi ilə “bir qarış da torpaq qaytarmamaq” tərəfdarları sırasında olan Balasanyan deyib.
Xatırladaq ki, ötən ilin aprel döyüşləri zamanı Vitali Balasanyan orduda heç bir vəzifə tutmurdu, buna baxmayaraq erməni qüvvələrinin təmas xəttində darmadağın edilərək geri çəkilməsindən sonra Balasanyan da daxil olmaqla birinci Qarabağ müharibəsinin bir çox səhra komandirləri səfərbər edilərək ön xəttə göndərilmişdi. Balasanyan isə özünün sonradan təsdiq etdiyi kimi Ağdərə-Tərtər istiqamətində döyüşlərə faktiki komandanlığı üzərinə götürmüşdü. Çünki ermənilərin Ağdərə yaxınlığında dislokasiya olunmuş Mataqis polkunun komandiri, polkovnik Arutyun Əmirxanyan döyüşlər başlayanda qaçıb aradan çıxmışdı. (Sonradan onu vəzifəsindən azad etdilər-red.)
Erməni generalı iddia edir ki, Azərbaycanın planı aşağıdakından ibarət olub: hərbi əməliyyatların dördüncü, yaxud beşinci günündə təmas xəttinin mərkəzi hissəsində-Ağdam istiqamətində cəbhəni yarmaq və Stepanakertə (Xankəndi) qədər irəliləmək. Balasanyana görə Azərbaycanın arsenalı bu planı reallaşdırmağa imkan verirdi. Lakin o, lovğalanır ki, həmin günlərdə erməni ordusunun müdafiəni təşkil etməsi buna mane oldu.
Əlbətdə, ötən ilin apelində Qarabağda hərbi əməliyyatların Azərbaycan ordusunun təmas xəttinin iki istiqamətində bir neçə kilometr irəliləməsinin ardınca Rusiyanın müdaxiləsi ilə dayandırılması baş verməsəydi, general Balasanyan da indi bu müsahibəni verib lovğalanmazdı…
Ağdam istiqamətinə gəldikdə isə məlumdur ki, ötən ilin aprelində cəbhənin həmin istiqamətində vəziyyət dəyişməz qalmışdı. Azərbaycan ordusu həmin istiqamətdən əks-hücum əməliyyatı keçirməmişdi, ancaq Ermənistan ordusu həmin istiqamətdə dinc əhalinin təmas xəttinə daha yaxın və sıx yaşadığını nəzərə alaraq artilleriya zərbələrini əsasən bu istiqamətə yönəltmişdi.