Ermənistan parlamentinin deputatı Qaqik Melkonyan “İravunk” qəzetinə verdiyi açıqlamasında 2020-ci ildə müharibə zamanı İrəvanın “İsgəndər” raketlərindən niyə istifadə edilmədiyi məsələsinə aydınlıq gətirib. Tribunainfo.az xəbər verir ki, o, həmin raketlərin 44 günlük müharibə zamanı işlərinə yaramadığını vurğulayıb.
Melkonyan deyib ki, onlar 44 günlük savaş zamanı 80-ci illərin silahları ilə döyüşüblər. “Keçmiş hakimiyyət rəsmiləri utanmadan deyirlər ki, onlar güclü ordu qurmuşdular. Halbuki biz Azərbaycana qarşı 80-ci illərin silahları ilə döyüşürdük. Azərbaycan isə bizdən ağıllı tərpənərək, vaxtında ən müasir silahlar almışdı”.
Erməni deputat qeyd edib ki, həmin dönəmdə əllərində olan “İsgəndər” raketlərindən istifadə imkanları məhdud olub. “Həmin raketlər kodla çalışır. Lakin həmin kodlar bizə verilməmişdi. Belə olan halda “İsgəndər” raket sistemi balvankaya çevrilir. Yəni, bir tel parçası olur. Buna görə də işə salınmadı”.