“Azərbaycanla paraflanmış müqavilənin mətninin dərcindən sonra cəmiyyət bir daha əmin olub ki, iqtidar haqlıdır, müxalifət isə yalan danışır”.
Tribunainfo.az xəbər verir ki, bunu Ermənistan parlamentində təmsil olunan “Mülki müqavilə” fraksiyasının katibi Artur Hovhannisyan deyib.
Onun sözlərinə görə, bütün Ermənistan hakimiyyətləri rayonların qaytarılması ilə bağlı danışıqlar apararaq, Qarabağı mahiyyətcə Azərbaycanın bir hissəsi kimi tanıyıb. “Əvvəl deyirdilər ki, Qarabağ problemi var və onun üçün nəsə edilməlidir. İndi isə deyirlər ki, Qarabağ dağıldı. Amma əvəzində oradan köçən erməniləri öz siyasi maraqlarına alət edirlər”.
Hovannisyan separatçıların rəhbəri Samvel Şahramanyana da suallar ünvanlayıb. “Samvel Şahramanyana demək lazımdır ki, necə oldu ki, sən Qarabağdan qaça bildin? Amma digərləri həbs olundu? Bəlkə onların yerini sən demisən?”
Erməni deputat onu da qeyd edib ki, irəvandakı müxalifət çevrə dövlətlərlə müharibə etmək həvəsindədir. “Ağrı dağı Türkiyə ərazisində yerləşir. İndi deyirlər ki, Araratı inkar edən Ermənistanı da inkar edəcək. Bu absurddur. Dedikləri odur ki, biz toplaşıb 4 qonşumuza hücum edək. İnsanları döyüşməyə təlqin etmək milli təhlükəsizlik riskidir. Bunlar Ermənistanı müharibəyə sürükləmək istəyən müharibə tərəfdarlarıdırlar”.
Fərda Uğur