“Əgər Azərbaycan birdən alətlər tapıb azərbaycanlıları Ermənistana köçürə bilsə, bunun insanları üçün hansı facilərə səbəb olacağını təsəvvür belə etmək mümkün deyil”. Tribunainfo.az xəbər verir ki, bu fikirlər erməni demoqraf Mikael Malxasyana məxsusdur.
O iddia edib ki, əgər azərbaycanlılar geri qayıdarsa, bu, Ermənistan üçün dəhşətli vəziyyət yaradacaq.
Malxasyan həmçinin tarixi və faktları təhrif edərək, həyasızcasına yalan da danışıb. “Azərbaycanlılar Ermənistandan güclə deyil, dinc yolu ilə gediblər. Sovet Azərbaycanını tərk edən ermənilər isə özləri ilə heç nə apara bilmədilər. Nəinki əmlak məsələlərini həll etmədilər, hətta birtəhər canlarını qurtarıb qaçdılar”.
Halbuki o, özü də yaxşı bilir ki, Qərbi Azərbaycandan olan həmvətənlərimizə qarşı ermənilər çoxlu sayda terrorlar, cinayətlər törədiblər. Minlərlə ailə heç bir əşyasını götürmədən Azərbaycana pənah gətirmək məcburiyyətində qalıblar.
Erməni ekspert onu da deyib ki, İrəvanda azərbaycanlıların geri qayıtması ilə bağlı fikir birmənalı deyil. “Ermənistanda deyirlər ki, milyonluq İrəvana nəsə etmək mümkün deyil. Suriya gözlərinin qarşısındadır. Əhalisi 3 milyon olan Şam şəhəri 21-ci əsrin az qala ortalarında necə ələ keçirildi, görürlər. Eyni aqibəti İrəvanın da yaşaması mümkündür”.