Ərkivan qəsəbəsində ali məktəblərə qəbul olan abituriyentlərlə görüş təşkil olunub.
Tribunainfo.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ərkivan Şəhidlər Parkında ucaldılan abidə kompleksini ziyarət edərək şəhidlərin xatirəsini ehtiramla yad edib, abidənin önünə gül dəstələri düzüblər.
Ərkivan Xeyriyyə Cəmiyyəti, Ərazi Nümayəndəliyi və qəsəbə bələdiyyəsinin birgə təşkilatçılığı ilə keçirilən görüş ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsinin anımı ilə başlayıb.
Tədbiri Ərkivan Xeyriyyə Cəmiyyətinin sədri Cəfər Cəfərov açaraq 2024–2025-ci tədris ilini uğurla başa vuraraq ali məktəb tələbəsi adını qazanan abituriyentləri, onların üzərində zəhməti olan müəllimləri və valideynləri təbrik edib.
Cəmiyyətin fəxri prezidenti, xeyriyyəçi iş adamı Məşkur Qasımov çıxış edərək qəsəbə üzrə ali məktəblərə qəbul göstəricilərinin yüksək olduğunu məmnunluqla qeyd edib. O, həmçinin ali təhsil yolunda uğur qazanacaq gənclərə dövlət dəstəyi ilə yanaşı, Ərkivan Xeyriyyə Cəmiyyəti tərəfindən də təqaüdlərin veriləcəyini bildirib.
Çıxış edən veteran müəllimlər Dadaşbala Duniyev, Məmmədağa Sadıqov, Mehman Məmmədov, Səfəralı Salehov, eləcə də xeyriyyəçi iş adamı Abdulla Abdullayev gəncləri təbrik edib, onlara təhsildə və gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Sonda tələbələrə Ərkivan Xeyriyyə Cəmiyyəti tərəfindən hədiyyələr verilib.