Ərkivan Xeyriyyə Cəmiyyəti din xadimləri ilə görüş keçirdi – VİDEO/FOTOLAR

Ərkivan Xeyriyyə Cəmiyyəti din xadimləri ilə görüş keçirdi – VİDEO/FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Masallının “Qala” İstirahət Mərkəzində Ərkivan Xeyriyyə Cəmiyyətinin təşkilatçılığı ilə xüsusi bir görüş keçirildi. Bu dəfə Cəmiyyət qəsəbənin tanınmış din xadimlərini bir araya topladı.

Tədbir öncəsi islam din yolunda və vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi sükutla yad edildi.

Cəmiyyətin sədri Cəfər Cəfərov tədbiri açıq elan edərək Ərkivan Xeyriyyə Cəmiyyətinin gördüyü işlərdən danışdı. O, bildirdi ki, aksiyalarımızın təkcə yardımla kifayətlənməsini istəmirik. İstəyirik ki, aksiyalar insanları birliyə, mərhəmətə, bir-birinə sahib çıxmağa sövq etsin. Bu işlərdə din xadimlərinin dəstəyini görmək isə bizim üçün xüsusi önəm daşıyır.

Cəmiyyətin fəxri prezidenti, xeyriyyəçi iş adamı Məşkur Qasımovun çıxışı olduqca geniş və düşündürücü oldu. Qasımov dövlətin son illərdə həyata keçirdiyi abadlıq-quruculuq işlərini xatırlatdı və bununla yanaşı, vətəndaş cəmiyyətinin rolunu ön plana çəkdi.
“Dövlətin gördüyü işlər göz qabağındadır. Amma biz də sadə vətəndaş olaraq, sahibkar olaraq, kəndimizin, rayonumuzun övladı olaraq bu prosesdə iştirak etməliyik. Xeyirxah əməllər hər birimizin borcudur. Kiminsə həyatına bir damla işıq gətirmək, bir ailəyə dəstək olmaq — əslində ən böyük xidmət budur.” – deyə iş adamı nitqini tamamladı.

Mirkərim Əliyev, Mirtaha Həşimov, Aydın Nuraliyev, Həmid Məmmədov, Gündüz Abbasov, Ziya Hüseynli və digər din xadimləri xeyriyyəçiliyin İslamın ayrılmaz hissəsi olduğunu vurğuladılar. Onlar xatırlatdılar ki, peyğəmbərimiz və imamlarımızın həyat yolu da əl tutmaq, yardımlaşmaq və insanları yaxşılığa çağırmaq üzərində qurulub.
Çıxış edənlər Ərkivan Xeyriyyə Cəmiyyətinin bu istiqamətdə gördüyü işləri yüksək qiymətləndirərək, fəaliyyətin davamlı olmasının vacibliyini qeyd etdilər.

Tədbir rəsmi nitqlərlə yekunlaşmadı, əksinə, diskussiya formatında davam etdi. Din xadimləri və Cəmiyyətin rəhbərliyi birlikdə problemləri müzakirə etdilər, qarşıda görüləcək işlər üçün təkliflər səsləndirildi.

Görüşün sonunda xeyriyyəçi Məşkur Qasımovun təşkil etdiyi ehsan süfrəsi əsl dostluq və qardaşlıq abu-havası yaratdı. Tədbir iştirakçıları süfrə arxasında səmimi söhbətlər edib, xeyir-dualar dilə gətirdilər.

Bu görüş sadəcə bir tədbir deyildi. O, həm də bir mesaj idi: birlikdə olmaq, xeyirxah işlərdə həmrəy olmaq və dəyərlərimizi yaşatmaq mesajı. Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirərək bu məqamı yaddaşlara həkk etdilər.