“Ərimə deyirəm ki, məni də özün ilə Bakıya apar, bir ailə olaraq…” — TƏFƏRRÜAT

“Ərimə deyirəm ki, məni də özün ilə Bakıya apar, bir ailə olaraq…” — TƏFƏRRÜAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Samux rayonunda 1993-cü il təvəllüdlü Əlvan şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Xumara (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 26 yanvar 2024-cü ildə Samux rayonunun kəndlərindən birində baş verib. Kənd sakini Əlvan həmin gün saat 11 radələrində arvadı Xumarın evinin qonaq otağında ona ailəsini nə üçün özü ilə birlikdə Bakı şəhərinə aparmaması səbəbi ilə aralarında ailə-məişət münasibətləri zəminində yaranmış mübahisə zamanı onu qəsdən itələyib.

Nəticədə Xumarı yerə yıxmaqla yerdə yıxılı vəziyyətdə təpik və yumruqla sonuncunun bədəninin müxtəlif nahiyələrinə qəsdən bir neçə dəfə zərbələr endirib. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Hadisəni törədən Əlvanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əlvan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Xumar onun arvadıdır: “Bəzi ailədaxili məsələlərə görə aramızda narazılıqlar var. Hazırda Bakı şəhərində qalaraq orada işləyirəm. Xumar deyir ki, onu da özümlə Bakı şəhərinə aparım, birlikdə bir ailə olaraq yaşayaq. Lakin mən Xumarı özüm ilə Bakı şəhərinə aparmaq istəmədim. Buna görə də yanvarın 26-da  Xumarın ata evində onunla aramızda mübahisə yarandı. Bu zaman mən onu itələdim. Nəticədə Xumar yerə yıxıldı. Bundan sonra onu ayağım ilə vurdum”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Xumarın sözlərinə görə, rəsmi olaraq heç bir yerdə işləmir, yaşadığı evdə atası, anası və azyaşlı övladı ilə qalır: “Təqsirləndirilən Əlvan mənim ərimdir. Bəzi ailədaxili məsələlərə görə aramızda narazılıqlar olub. Ərim Bakı şəhərində yaşayır, orada işləyir. Lakin həmişə Əlvana deyirəm ki, məni də özü ilə Bakı şəhərinə aparsın, birlikdə bir ailə olaraq yaşayaq. Ancaq nədənsə Əlvan məni aparmaq istəmir”.

Xumar qeyd edib ki, yanvarın 26-da aralarında olan mübahisəyə aydınlıq gətirmək üçün Əlvan Bakı şəhərindən Samux rayonuna gəlib, onun yaşadığı kəndində yerləşən evə isə saat 11 radələrində gəlib: “Həmin vaxt Əlvanla aramızda mübahisə yarandı və məni itələyərək yerə yıxdı. Daha sonra Əlvan mənim üz nayihəmdən vurdu. Rəydə göstərilən kəsilmiş yaralar isə mənə Əlvan tərəfindən yetirilməyib, əlimdə olan həmin kəsik xəsarətlər ehtiyatsızlığım nəticəsində sözügedən hadisədən əvvəl olub”.

Bu cinayət işinə Samux Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əlvan 1000 manat cərimə cəzasına məhkum edilib.