Azərbaycan və Türkiyə Qərb ölkələrindən fərqli olaraq Gürcüstanın daxili işlərinə qarışmamaqla, hakimiyyətlə müxalifət arasındakı mübarizədə tərəf tutmamaqla doğru strategiya aparırlar. Azərbaycan və Türkiyə üçün önəmli olan Gürcüstanda sabitliyin bərqərar olmasıdır, Bakı və Ankara qonşu ölkədə xaosun davamını istəmirlər.
Tribunainfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Gürcüstanda baş verən hadisələr barədə danışarkən deyib. O bildirib ki, Azərbaycan və Türkiyənin regional layihələri Gürcüstandan keçir. Söhbət illik milyardlarla dollar maliyyə vəsaitindən gedir:
“Gürcüstanda yaşayan yüzminlərlə azərbaycanlının təhlükəsizliyi də bizim üçün vacibdir. Bununla yanaşı, Gürcüstanda mübarizə aparan qüvvələr arasındakı prosesə qarışmaq olmaz. Çünki bu mübarizədə kimin üstünlük qazanacağı bəlli deyil, Azərbaycan və Türkiyə Gürcüstanda istənilən hakimiyyətlə strateji tərəfdaşlığı davam etdirəcək. Gürcüstanda da hakimiyyətdə olan istənilən qüvvə Azərbaycan və Türkiyə ilə strateji tərəfdaşlığı davam etdirmək məcburiyyətindədir. Çünki bu ilk növbədə Gürcüstanın milli və təhlükəsizlik maraqlarına cavab verir. Gürcüstan Rusiya ilə yaxınlığı və ya Avropa İttifaqına inteqrasiyanı seçəcəksə, bu onun daxili işidir”.
Nigar