Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yaratdığı Ədalət və İnkişaf Partiyası (AKP) seçkilər ərəfəsində populyarlığını itirir.
Tribunainfo.az “Sözçü” qəzetinə istinadən xəbər verir ki, 45 vilayətdə araşdırma aparan ORC sorğusunun son nəticələrinə görə, hazırda türklərin 29,1%-i dövlət liderinin siyasi gücünü dəstəkləyir ki, bu da AKP-nin yanvar ayı göstəricilərindən 1,1% aşağıdır.
Qeyd edildiyi kimi, Ərdoğanın partiyasının parlamentdəki hakim koalisiyadakı ortağı Milliyyətçi Hərəkat Partiyası 5,4% dəstək toplayıb – bir ayda 0,1% itirib. Eyni zamanda, müxalifət partiyalarının Milli Alyans bloku AKP və müttəfiqlərini xeyli qabaqlayaraq 48,6% səs toplayır.
ORC-nin rəhbəri Mehmet Postekinin sözlərinə görə, Türkiyədə baş verən silsilə zəlzələlər fonunda Ərdoğanın partiyası populyarlığını itirir. O, yanvarda AKP-nin reytinqini yüksəldə bildiyini, lakin fevral faciəsinin partiyanın mövqeyini yenidən pisləşdirdiyini vurğulayıb.
Daha əvvəl bildirilib ki, Ərdoğan Türkiyədə prezident və parlament seçkilərinin mayın 14-də keçirilməsi ilə bağlı qərarını təsdiqləyib.