Türkiyədə dünən baş tutan seçkinin nəticələrinə görə, CHP bələdiyyələr uğrunda mübarizənin qalibidir, xüsusilə İstanbul və Ankaranı yenidən əllərində saxlamaq ötən il prezident və parlament seçkilərindəki məğlubiyyətdən sonra ana müxalifət üçün “ümidli gələcək” gözləntisi yaradır.
Tribunainfo.az yazır ki, seçkinin nəticələrini şərh edən siyasi analitik Asif Nərimanlının fikrincə, bu həm də Əkrəm İmamoğlunun post-Ərdoğan dövründə Türkiyənin lideri ola biləcəyi perspektivinin davam etməsi deməkdir.
Ekspert bildirib ki, Kılıçdaroğlu qalsaydı, narazı CHP-lilərin baykotu nəticələrə ciddi təsir edə bilərdi:
“Bu seçkilər CHP sədri Özgür Özelin də mövqelərini gücləndirəcək. Hərçənd, bu seçkinin nəticələrinin Türkiyənin gələcək siyasətinə yön verəcəyi – 2028-ci ildən sonra post-Ərdoğan dövrünü müəyyən edəcəyi fikri sual altındadır.
Birincisi, CHP-nin elektoratı təkbaşına hakimiyyətə gəlməyə imkan vermir, müttəfiqlik edəcəyi qüvvələr isə AKP-MHP ittifaqından fərqli olaraq, Türkiyəni koalisiya hökumətlərinin olduğu siyasi xaos dövrünə qaytara bilər. Ki, bunu Türkiyə dövləti və elektoratı istəmir;
İkincisi, dünya müharibələr, qlobal toqquşmalar mərhələsinə keçib və bunun uzunmüddətli olacağı aydındır: belə bir dövrdə Türkiyədə mövcud siyasi xəttin davam etməsi AKP proqramından daha çox, dövlət strategiyası olaraq görünür və bu strategiya CHP-nin siyasi xətti ilə uzlaşmır;
Üçüncüsü, böyük şəhərlərdə AKP müəyyən faizlə geridə qalsa da, Türkiyə üzrə üstün elektorata malikdir və dünyada millətçiliyin yüksəlməsi fonunda bu elektoratın dəyişəcəyi gözləntisi azdır”.
Analitik Əziz Əlibəyli isə bildirib ki, Ərdoğannın partiyası seçkiləri uduzdu, amma CHP də seçkiləri qazanmış sayılmır:
“Tarixinin ən böyük uğuruna (1977-ci ildən sonra) çatan CHP AKP-nin iqtisadi səhvlərinə, infilyasiyaya, informasiya yarıtmazlığına qalib gəldi. Çünki CHP adına seçkidəki texnoloji uğur, parlaq seçki təbliğatı, şüarlar demək olar ki, yox idi.
İmamoğlu üzərində fokuslanmaq, İstanbulu ondan almaq, adamın birbaşa CHP-nin başqanı olmasına gedən yolu indilik açmaq olacaqdı.
Plan nə qədər işə yaradı, demək olmaz. Amma İmamoğlu və Özgür Özəl arasında nifaq toxumları – seçkinin bəhrəsini kim yeyəcək uğrunda daha da dərinləşəcək.
İqtidar üçün AKP səhifəsi bitdi, lakin müraciət etdiyi taban millətçilər, sağçılar və yüksələn Refahçıların timsalında – toxunulmaz 40-45 faizlik qalmaqdadır.
Post- Ərdoğan dönəmi üçün iqtidarın iki parlaq siması başqanlıq yarışında önə çıxacaq.
Hazırkı XİN Hakan Fidan və Səlçuk Bayraktar”.
Nigar