“Ərdoğanın Azərbaycana səfəri Türkiyə-Azərbaycan münasibətlərinin ənənəvi prosesidir və gözlənilən idi”.
Tribunainfo.az-a açıqlama verən siyasi ekspert Asif Nərimanlı sabah Ərdoğanın Bakıya gəlişindən və prezident İlham Əliyevlə nələri müzakirə edə biləcəyini proqnozlaşdırdı.
Ekspertin sözlərinə görə, Türkiyədə seçkilərdən sonra yeni yüzillik dövrü başladı. Türkiyənin hədəfləri artıq daha böyükdür. Əsasən də regional güc faktorunu daha da gücləndirmək həm də qlobal proseslərdə həlledici rolunu daha da artırmaq niyyətindədir Türkiyə.
O, əlavə edib ki, Türkiyədə qurulan hakimiyyətin tərkibinə baxdıqda bunu hiss etmək olur ki, Türkiyənin hədəfləri daha böyükdür. Və bu hədəflərdə Azərbaycan önəmli ölkədir. Çünki bu coğrafiyada, Avrasiyada Türk Birliyi adı altında qurulan yeni bir gücdən gedir. Türk Dövlətləri Təşkilatı artıq Azərbaycanın prezidenti və Türkiyə prezidentinin birgə təşəbbüsü nəticəsində böyük bir məsafə qət edib.
“Əsas müzakirə mövzularından biri qarşıdakı dövrdə Türk coğrafiyasında inteqrasiyanın dərinləşməsi, hansı addımların atılması məsələsi iqtisadi-siyasi və hərbi müstəvilərdə atılacaq addımlar müzakirə oluna bilər.
Buna misal olaraq Azərbaycanda “Bayraktar” mərkəzinin qurulması kimi. Təbii ki, xüsusən də 44 günlük müharibədən sonra Azərbaycanın belə bir fikri vardı ki, “Bayraktar”ın istehsal mərkəzi qurularsa bu Azərbaycanın daxili tələbatı ilə yanaşı Türk coğrafiyasına çıxması məsələsində də yəni həmin silahların ora göndərilməsi lazım gələrsə Azərbaycandan daşınması məsələsi gündəmə gələ bilər. Çünki hava daşıma məkanı həmişə təhlükəsiz deyil. Azərbaycandan dəniz üzərindən daşıma həyata keçirilə bilər.
“Digər ən vacib məsələ isə Cənubi Qafqazla bağlı məsələdir. Bilirik ki, bizim Qarabağda yarımçıq qalan bir çox məsələmiz var. Mənim fikrimcə bu problemlər Türkiyədəki seçkilərə görə təxirə salınmışdı. Azərbaycan prezidenti amnistiya təklifini irəli sürdü və bildirdi ki, daha heç bir görüş təklif olunmayacaq bu sonuncu seçimdir.
Son proseslərə baxdıqda da görünür ki, separatçıların orada təxribat yaratması artıq orada praktik addımlar atmasına zəmin yaradır.
Bu konteksdə Əliyev və Ərdoğan bu yöndə atılacaq addımları müzakirə edə bilər. Mənim fikrimcə, Türkiyə Qafqazda daha da aktivləşəcək.
Xüsusən də Ukraynada müharibə başladıqdan sonra Rusiyanın bir qədər geri çəkilməsi və onun əvəzinə Qərb ölkələrinin daxil olması və bölgədə aktivliyinin müşahidə olundu. İstisna deyil ki, qarşıdakı dövrdə Türkiyənin aktivliyi 44 günlük müharibədən sonra daha aktiv formada qayıda bilər. Və bir çox məsələ Rusiya-Türkiyə kontekstində müzakirə oluna bilər. Hətta həlli yolları tapıla bilər. Xüsusən də Qarabağda, Xankəndi və digər ərazilərlə bağlı istəyi, tələbi müzakirə oluna bilər. Rəsmi Bakının konkret tələbləri var. Bu məsələlər getdikcə daha da konkretləşdirilir”.