Türkiyə prezidenti Erdoğanla Putin arasında Soçidə baş tutan danışıqlar, demək olar ki, nəticəsiz başa çatdı. İlk baxışdan əsas məsələ “taxıl anlaşması” olsa da, əsas müzakirə mövzusu Ukrayna məsələsi olub – bu həftə C20 ölkələrinin New Delhi şəhərində toplantısı var. Çox güman, NATO ölkəsi olan Türkiyə bu sammitdən öncə Qərbin son təklif və tələblərini Putinə çatdırdı, ondan gələn cavabları da sammitdə liderlərə çatdıracaq. Məncə, Putinə tələb-təkliflərin çox sərt olması “taxıl anlaşmasında” nəticənin əldə olunmamasına səbəb oldu.
Tribunainfo.az yazır ki, ekspert Natiq Cəfərlinin fikrincə, indiki qarışıq dünyada qardaş Türkiyənin əsas moderatorlardan biri olması çox yaxşıdır, bölgədə və dünyada istənilən məsələ rəsmi Ankaranın iştirakı, ən azı bilgisi olmadan çözülə bilməz – bu Azərbaycan üçün də böyük pozitiv aktivdir:
“Rusiyanın tarixi yanaşmaları, hətta post-sovet məkanında davranışları dəyişmir – Krımı işğal edib Donbasda separatizmi alovlandıranda düşünürdü ki, sonda Donbası Krımla dəyişib məsələni həll edəcək, Krımı həzm etdirəcək. Keçən il Ukraynaya qarşı vəhşi təcavüzünü başlayanda Zaparojye və Xersonu işğal etdi ki, onları aktivə çevirib danışıqlarda Donbas və Krımla dəyişsin – amma Putin strateji səhv etdi, əsəbləri böyük oyuna dözmədi və “referendum” keçirərək bütün işğal etdikləri bölgələri Rusiya ərazisi elan etdi. Bu addımla özü və elitası üçün geriyə yolu bağladı, danışıqlar üçün alanı daraltdı – indi strategiyası odur ki, hələ işğal etmədiyi, amma, güya, mütləq işğal edə biləcəyi Xarkov, Nikolayev və Odessa bölgələrini Krım, Donbas, Zaparojye və Xersonla dəyişsin. Yəni, Rusiya tarixində ilk dəfədir ki, əlində olmayan “aktivlə” alver etməyə, ehtimal edilən “təhlükəni” baha satmağa çalışır. Bu da mümkün olmasa “nüvə təhdidi” ilə işğalı legitimləşdirməyə çalışacaq – çox güman, Qərb Erdoğanın dili ilə Putinə sərt cavab verib, belə “alverin” mümkünsüzlüyünü bildirib, ona görə də, heç bir sənəd imzalanmadı”.
N.Cəfərli bildirib ki, Rusiya bu müharibəni uda bilməz, uda bilməyəcək – çünki, Kreml üçün qələbə Ukraynada öz əlində olan rejim qurmaqdır ki, bu mümkün deyil:
“Amma Rusiya müharibəni uduzmayacaq da, çünki Ukrayna üçün qələbə Krım daxil 1991-ci il sərhədlərinin bərpasıdır ki, bu da mümkünsüz görünür. Çox güman, müharibə bu ilin sonu-gələn ilin əvvəli “dondurulacaq”. Bu bölgə üçün ən pis ssenaridir, çünki hər an “don açıla”, münaqişə alovlana bilər – belə bulannıq su, qeyri-müəyyənlik Kremlin işinə yarayacaq. Amma Qərb də öz ayağı ilə gəlib tələyə düşən Rusiyanı da “boğmamış” buraxmayacaq, deməli bu qarıdurma bizə – Cənubi Qafqaza da daim təsir edəcək, bölgəmizə təzyiq alətləri və mövzuları aktiv qalacaq.
Məncə, bu gün sülh prosesinin pauzaya qoyulması bütün oyunçulara sərf edir – bir tək Azərbaycan və Ermənistandan başqa! Alət olmaq istəmiriksə təpər və güc tapıb sülh müqaviləsini, ən azından ilkin razılaşma protokollarını bu il imzalamalıyıq, gələn il Rusiyanın Ukraynaya təcavüzü “dondurulmuş” şəkil alsa, bizim sülh imzalamağımız da “dona” bilər”.