Prezident Ərdoğan Tesla və SpaceX şirkətlərinin qurucusu İlon Maskı Nyu Yorkdakı Türkevidə qəbul edib. Türkiyənin kosmos proqramı çərçivəsində atılacaq addımlarda SpaceX ilə əməkdaşlıq imkanlarının ola biləcəyini bildirən Ərdoğan, Maskı İzmirdəki Teknofest sərgisinə dəvət edib.
Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının 78-ci Baş Assambleyasına qatılmaq üçün Nyu Yorka səfər edən Ərdoğan Türkevidə təmaslarını davam etdirir.
Xarici işlər naziri Hakan Fidan, sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır, Türkiyə Böyük Millət Məclisinin Sənaye, Ticarət, Enerji, Təbii Sərvətlər, İnformasiya və Texnologiyalar Komissiyasının sədri Mustafa Varank və Prezidentin Rəqəmsal Çevrilmə İdarəsinin sədri Əli Taha Koç da iştirak ediblər.
Qəbulla bağlı Rabitə Müdirliyindən verilən açıqlamaya görə, mətbuata qapalı ziyafət zamanı Ərdoğan Maska Türkiyənin texnologiya sahəsində əldə etdiyi nailiyyətlər, Rəqəmsal Türkiyə Vizyonu və Milli Süni İntellekt Strategiyasından danışıb.
Teslanın Türkiyə bazarına Toqqun Türkiyədə yollara çıxması ilə girdiyini xatırladan Ərdoğan, Teslanın Türkiyədə 7-ci fabrikini qurmasını istəyib.
Mask bir çox türk tədarükçünün artıq Tesla ilə işlədiyini və Türkiyənin növbəti fabrik üçün ən vacib namizədlər arasında olduğunu qeyd edib.
Eyni zamanda, Mask Türkiyədə Starlink peyk xidmətləri təqdim etmək üçün lazımi lisenziyanı almaq üçün türk səlahiyyətliləri ilə işləmək istədiklərini söyləyib.
Ərdoğan Maska “Daha ədalətli bir dünya mümkündür” kitabının ingiliscə versiyasını və Rəyasət Heyətinin Rabitə Müdirliyi tərəfindən hazırlanan və Türkiyənin İslahat tələbinin səbəblərini izah edən “BMT İslahatı: Beynəlxalq Əməkdaşlığa Yeni Bir yanaşma” kitabını hədiyyə edib.