Astarada ailə münaqişəsi zamanı ər və arvadı sakitləşdirməyə gələn qonşu bıçaqlanaraq öldürülüb.
Astarada ailə münaqişəsi zamanı ər və arvadı sakitləşdirməyə gələn qonşu bıçaqlanaraq öldürülüb.
ARB TV xəbər verir ki, hadisə Ərçivan qəsəbəsində qeydə alınıb.
İlkin ehtimala görə, qəsəbə sakini, 32 yaşlı Ağarəhim Kərimov qonşusunun evindən dava-dalaş səslərini eşidərək onların həyətinə gəlib. O, 48 yaşlı Əfqan Rəhimovla onun həyat yoldaşı 49 yaşlı Xanım Rəhimova arasında ciddi mübahisənin getdiyini görərək, tərəfləri sakitləşdirməyə çalışıb. Bu zaman Əfqan Rəhimov əvvəlcə həyat yoldaşı Xanım Rəhimovaya, daha sonra isə Ağarəhim Kərimova bıçaq zərbələri endirib.
Hər iki yaralı Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, döş qəfəsindən vurulan Ağarəhim Kərimovun həyatını xilas etmək mümkün olmayıb.
Digər yaralı Xanım Rəhimovaya isə tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxşdir. Aparılan əməliyyat tədbirləri nəticəsində qətli törədən Əfqan Rəhimov saxlanılaraq istintaqa təhvil verilib.