Enerji içkiləri, adi siqaret, elektron siqaretlər və hərəkətsiz həyat tərzi gənclərdə ürək-damar xəstəliklərini artırıb. Bu, gənclər arasında ölüm hallarını durmadan çoxaldır.
Bu sözləri Tribunainfo.az-a tibb elmləri üzrə professor Adil Qeybulla gənclər arasında artan ölüm halları və onların səbəbləri barədə danışarkən deyib. Həkim bildirib ki, gənclər arasında ürək-damar xəstəlikləri problemi durmadan artır:
“Səbəblər gənclərin həyat tərzi ilə bağlıdır. Siqaret çəkən gənclərin sayı durmadan artır və təəssüf ki, onlar arasında qızlar çoxluq təşkil edir. Elektron siqaretə üstünlük verənlər çoxdur. Bu siqaretlər adi siqaret qədər zərərlidir. Bütün bu pis vərdişlər azmış kimi gənclərin enerji içkilərinə marağının çox olması, fəs-fud yeməklərə üstünlük gənclər arasında ürək problemini artırır. Səbəblər arasında gənclərin hərəkətsizliyi, tənbəlliyi, aktiv həyat sürməməsi, D vitamini azlığı da var”.
A.Qeybulla bildirib ki, enerji içkilərinin qəbulu gəncləri ölümə aparır:
“Enerji içkiləri bütün dünya üzrə bir bəladır. Həmin içkilərin istfadəsi ilə həddən artıq kofeinin bədənə qəbulu ürəyi həddən artıq yorur. Yorulmuş ürəyi əlavə faktorlarla bir az da yoruruq. Ürək buna tab gətirmir. Bu cür hal təkrarlandığı halda yorulmuş ürək dözmür. Belə içkilər ölümə qədər aparan problemlər yaradır”.