Son illərdə yeniyetmələr və gənclər arasında enerji içkilərinin istehlakı kəskin artıb. Ancaq bu artım paralel olaraq ciddi sağlamlıq risklərini də gündəmə gətirir. Mütəxəssislər bildirirlər ki, xüsusilə yüksək kofein və digər stimullaşdırıcı maddələr səbəbindən bu içkilərin həm kəskin, həm də uzunmüddətli istifadəsi ürək-damar və sinir sistemi üçün ciddi təhlükə yarada bilər.
Tribuna xəbər verir ki, araşdırmalara əsasən, enerji içkilərinin həddindən artıq qəbulu ürək döyüntüsündə artım, qan təzyiqində yüksəlmə və ürək ritm pozuntuları ilə nəticələnə bilər. Yeni beynəlxalq tədqiqatlarda enerji içkilərinin istifadəsi ilə əlaqəli doqquz ürək dayanması faktı qeydə alınıb və onlardan üçü ölümcül olub.
Mütəxəssislər bildirirlər ki, bu təsirlərin əsas səbəbi kofeinin və digər stimulyator maddələrin sinir sisteminə və ürəyə yüksək yük salmasıdır.
1977-2009-cu illər arasında yeniyetmələrdə kofein qəbulu 70% artıb. Enerji içkiləri isə bu artımın əsas səbəblərindən biri olub.
Enerji içkilərinin qəbulu bir sıra ciddi xəstəliklərə və pozuntulara gətirib çıxarır. Belə ki, narahatlıq, əsəbilik, taxikardiya (ürək döyüntüsünün sürətlənməsi), baş ağrısı, mədə-bağırsaq pozğunluqları, susuzluq və əhval dəyişikliklərinə səbəb olur.
Bu növdən içkilərin ağır nəticələri də qaçınılmazdır. Adətən enerji içkisindən çox istifadə edən şəxslərdə insult (beynin qan damarlarında kəskin spazm nəticəsində), kəskin böyrək çatışmazlığı, rabdomiyoliz (əzələ toxumasının sürətli dağılımı), halüsinasiyalar, kəskin psixoz və maniya və qəfil ürək dayanması müşahidə olunur.
Bildirilir ki, enerji içkilərinin spirt və dərmanlarla qarışması təhlükəni ikiqat artırır. Spirtin təsirini gizlədən stimulantlar nəticəsində insanlar daha çox içir və bu, qəzalar, yaralanmalar və riskli davranışların artmasına səbəb olur. Antidepresanlar, narahatlıq əleyhinə dərmanlar və qan durulaşdırıcı preparatlarla birlikdə qəbulu isə həyati təhlükə yarada bilər.
Enerji içkiləri adətən hamilə qadınlar, uşaqlar və yeniyetmələr, ürək və böyrək xəstəlikləri olan şəxslər və dərman qəbul edən şəxslər üçün tamamilə qadağandır.
Fidan Hacızadə
Sfera.az










