Masallı Respublikamızın o şəhərlərindəndir ki, bura hər dəfə səfər edəndə yeni mənzərə və yeni ab-hava ilə qarşılaşırsan.
Masallı Respublikamızın o şəhərlərindəndir ki, bura hər dəfə səfər edəndə yeni mənzərə və yeni ab-hava ilə qarşılaşırsan.
Bu rayona son 3 ildə jurnalistlərin bir neçə səfəri təşkil olunub.
Media nümayəndələri hər səfərlərində mütləq hansısa yeniliklə tanış olub, ötən dəfə görmədikləri binalar və parklarla qarşılaşıblar.
Jurnalistlərin budəfəki səfəri də əvvəlkilərdən fərqlənmədi. Bu dəfə də tamam başqa bir Masallı ilə qarşılaşdıq. Getdikcə müasir görkəm alan bu şəhərdə həyat da əvvəlki illərlə müqayisədə qaynar məcraya yönəlir. Açığı, 3 il əvvəl Masallı bir qədər darıxdırıcı və sıxıcı idi. Baxmayaraq ki, o zaman da burada müxtəlif infrastruktur layihələri həyata keçirilirdi, amma adama “gəl-gəl” deyə biləcək mühitdən danışa bilməzdik. Növbəti səfərimizdə Masallı bir başqa rəngə bürünmüşdü. Artıq “sıradan və maraqsız” Azərbaycan şəhəri görkəmindən əsər-əlamət qalmamışdı. Yalnız təbiəti ilə qürrələnmək istəməyən qətiyyətli bir obrazı yaranırdı Masallının. Görülən işlərdən, insanların söhbətindən hiss edirdin ki, Masallı fərqlənməyi, seçilməyi hədəfləyib və sözün açığı bu prosesin olduqca sürətlə gedəcəyini təsəvvür etmək bir qədər çətin idi. Amma budəfəki səfərimizdə əmin olduq ki, Masallı həqiqətən də iddialı bir cənub şəhərinə çevrilib. Çağdaş dövrün tələblərinə cavab verən infrastruktur layihələri, insanların istirahətini təmin edən komplekslər, yeni iş yerləri, turizm potensialının artırılması xüsusunda görülən işlər, müasirliklə ənənələrin vəhdətini təşkil edən proqramlar və ən başlıcası işləmək, xidmət etmək istəyən insanların varlığı bu rayonu həqiqətən də fərqləndirə biləcək amillərdir.
ASANlaşmış həyat…
Masallıda artıq bir ildir ki, ASAN HƏYAT kompleksi fəaliyyət göstərir. Olduqca yüksək zövq və peşəkarlıqla işlənilmiş bu layihə özünün tutumu və əhatə etdiyi obyektlərin müxtəlifliyinə görə Respublikda yeganə nümunədir. Rayonun Heydər Əliyev prospektində yerləşən Masallı regional “ASAN həyat” şəhərciyi 4 mərtəbəli inzibati binadan və 6 ictimai iaşə obyektləri üçün nəzərdə tutulan binalardan ibarətdir. Kompleksin 4480 kvadratmetr ərazisində “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Mərkəzdə 10 dövlət orqanı – Ədliyyə, Daxili İşlər, Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Milli Arxiv İdarəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 32 növ xidmət göstərilir. Eyni zamanda, mərkəzdə 112 növ funksional yardımçı xidmətlər – bank, sığorta, hüquqi yardım, tərcümə xidmətləri təşkil edilib. Bu mərkəz Masallı rayonu da daxil olmaqla Cəlilabad, Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarının əhalisinə, ümumilikdə 839.450-dən çox vətəndaşa xidmət göstərir. Burada 170 nəfər işlə təmin olunub, 80 nəfər könüllü işə cəlb edilib.
Kompleksin ərazisində 2 kinoklub, Heydər Əliyev İncəsənət Məktəbi, kafe, bank, “ABAD mərkəzi”, “ASAN Brend” dükanı və “ASAN İntellektual” inkişaf mərkəzi fəaliyyət göstərir. Kinoteatrda Bakıdakı məşhur kino mərkəzlərində nümayiş olunan bütün filmələrin afişalarına rast gəldik. Biletlərin qiyməti isə cəmi 3 manatdır.
Burada müasir standartlara cavab verən kafelər və gənclərin istirahəti üçün nəzərdə tutulan xüsusi guşələr də istifadəyə verilib. Kinoteatrın foyesində quraşdırılmış sensor sistemli elektron masalar isə bizim daha çox marağımıza səbəb oldu. Çünki hələlik Bakıda belə “möcüzəvi masa”lara rast gəlinmir.
“ASAN həyat” kompleksində sakinlər müntəzəm olaraq tibb müayinələrdən də keçirlər. Həm Masallı, həm də ətraf rayonların sakinləri burada hər hansı ödəniş etmədən yoxlanışdan keçə bilirlər.
Əsrlərdən xəbər verən eksponatlar…
Növbəti baş çəkdiyimiz ünvan Masallı Tarix-Diyarşünaslıq Muzeyi oldu. Ümumi sahəsi 1861 kvadratmetr olan muzeydə 5 ekspozisiya zalı yaradılıb. Ekspozisiyalarda Masallının tarixi, bu ərazidə tapılan qədim əşyalar və rayonun həyatı ilə bağlı bütün məlumatlar toplanıb. Muzeydə 7 mindən çox eksponat mövcuddur və onlardan 2 mini ekspozisiya zallarında nümayiş etdirilir. Muzeyin mansar hissəsində rəsm otağı, sərgi zalı, fond otağı, müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan akt zalı da yaradılıb.
Qürur hissi yaradan muzey
Masallının Dövlət Rəmzləri Muzeyinə bura təşrif buyuran hər bir vətəndaşda qürur hissi yaradacaq quruluş verilib. Olduqca əzəmətli görünüşü olan bu müzeydə tariximizin müxtəlif dövrlərinə aid eksponatlar, bayraqlar və dövlət rəmzləri toplanıb. Bütün bunlar həm Masallı sakinlərində, həm də rayona gələn qonaqlarda şanlı tariximiz haqqında təsəvvür yaratmağa geniş imkanlar açır. Masallı rayon İcra Hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı muzeydəki eksponatlar barədə elə həvəslə danışırdı ki, onun Masallıda belə bir muzey yaradılmasından fəxarət hissi keçirdiyini sezmək çətin deyildi.
Masallının musiqili ruhu…
Jurnalistlərin Masallıda qarşılaşdığı yeni tikililərdən biri də 640 yerlik Uşaq-İncəsənət Məktəbinin binası oldu. Ümumi sahəsi 2743 kvadratmetr olan bina ikimərtəbəlidir. Burada 33 sinif otağı var. Sinif otaqlarının hamısı müasir avadanlıqla, təlim-tədris ləvazimatları ilə təchiz olunub. 150 yerlik akt zalında müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Kitabxana, rəsm otağı və heykəltəraşlıq emalatxanasında dərslərin keçirilməsi üçün bütün imkanlar nəzərə alınıb. Masallı rayon Uşaq-İncəsənət Məktəbində hazırda 305 şagird təhsil alır və 70 müəllim çalışır. Biz məktəbə baş çəkən zaman orada şagirdlərin imtahanı qəbul olunurdu. Fortopiano sinifində təhsil alan Masallı yeniyetmələri Azərbaycan və dünya bəstəkarlarının mahnılarını ifa edirdilər. Fürsətdən istifadə edib, biz də mahnılardan bir neçəsini dinlədik.
İcra başçısı ilə görüş: “Demişdi ki…”
Masallının gəzib-dolaşandan sonra İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovla görüşdük. Bu bizim onunla ilk görüşümüz deyildi. Rafil müəllimin Masallı üçün görmək istədiyi işlərdən məlumatlı idik. Bundan əvvəlki görüşlərimizdə o bizə mərhələli şəkildə görüləcək işlər barədə ətraflı bilgilər vermişdi. Budəfəki səfərimiz zamanı rayonda gördüyümüz yeni binalar barədə isə o bizə əvvəlki görüşümzdə danışmışdı. Demişdi ki, gələn dəfə gələndə Masallını tanımayacaqsınız. Etiraf etməliyik ki, Rafil müəllimin bundan əvvəlki səfərimizdə dediyi nə var idisə, hamısı reallaşdırılmışdı. Bu dəfə isə gələcək planlardan danışdı.
Cənab başçı insanların torpağa qayıtmasının, aqrar sahənin inkişaf etdirilməsinin tərəfdarlarındandır. Söhbətində əsasən Masallı camaatının təsərrüfata meyllənməsi üçün aparılan işlərdən bəhs etdi. Qeyd etdi ki, özü şəxsən yerli sakinlərlə, kənd camaatı ilə görüşlər keçirib, hansı məhsulların gəlir gətirə biləcəyini müzakirə edir: “Çalışırıq ki, insanlarımızın torpaqla ünsiyyətini yenidən əvvəlki məcraya qaytaraq. Gedirəm kəndlərə, camaatla söhbət aparıram, bu il daha çox nədən gəlir götürə biləcəklərini izah edirəm. Deyirəm ki, məsələn, kələm, kartof əksəniz daha çox gəlir əldə edə bilərsiniz. İstədiyimiz odur ki, insanlarımız sərf etdikləri zəhmətin bəhrəsini görsünlər, əkin işləri kortəbii formada aparılmasın. Bazarı öyrənmək, hansı məhsula daha çox tələbat olacağını müəyyən etmək lazımdır. Bilirsiniz ki, dövlətimiz kənd təsərrüfatının inkişafında maraqlıdır. Cənab Prezident İlham Əliyev bu sahəyə xüsusi diqqət ayırır, dəstək verir. Gərəkdir ki, insanlarımız yaradılmış şəraitdən istifadə edib, yeni-yeni təsərrüfatlar yaratsınlar, torpaqla işləyib, bunun qarşılığını görsünlər”.
R.Hüseynov Masallıda aqrar sahənin və turizmin daha da inkişaf etdirilməsi ilə bağlı xeyli maraqlı fikirlər səsləndirdi. İnanırıq ki, növbəti səfərimizdə bu fikirlər də artıq görülmüş işlər sırasına əlavə olunacaq.