backend

Əmmaməli Valentin, bir də bayramınız mübarək!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əmma qoymağı xoşlayırıq. O vaxt ki, bir işi başacan edə bilmirik. 

Əmma qoymağı xoşlayırıq. O vaxt ki, bir işi başacan edə bilmirik.

Maşallah, faciə günlərimizdə həmrəyik. Bayramlara gələn kimi əmmamız ortaya çıxır. Çünki, əsl bayramda olduğu kimi sevinə bilmirik. Yəni bayramlarda belə xoşbəxt ola bilmirik. 8 Martda Klara Setkini söyürük, 14 Fevralda Valentini, Novruz bayramına da atəşpərəst möhürü vurub min cür yozuruq. Dünyada bu qədər xalq ola-ola niyə birinin ağlına gəlmədi ki, “Milli Sevgililər Günü” yaratsın.

Xalqlar maşınlar yaratdı, kəşflər elədi, biz “Sevgililər Günü” yaratdıq. Mən heç də, İlhamla Fərizənin sevgi faciəsini kölgə altına almaq istəmirəm. Qətiyyən. İlhamın qəhrəmanlığını, Fərizənin də fədəkarlığını böyük örnək hesab edirəm. Amma söhbət sevgidən düşəndə bu, iki nəfərin bir-birinə etirafı, səmimiyyəti və bütün bu hisslərdən doğan bayramıdır.

Yazarlarımızın və hörmətli jurnalist İlham Tumasın Valentin ətrafında apardığı ağır və fundamental araşdırmasından sonra bu bayrama əmma qoymasının əsasını tapdım. Biz sevə bilmirik. İnanmırsınız?

Sevgi deyən kimi yadımıza Leyli və Məcnun düşür, o da ki ərəblərdən gəlir. Dastanları, ədəbi nümunələri burda sadalamaqla vaxtınızı almaq istəmirəm. Sevgililər günündə anladığım bu oldu ki, biz nə şərqli ola bildik, nə də qərbli. Şərqdə ölüm – qovuşdurandı, qərbdə ayırandı. Biz yaşayanda da sevə bilmirik, öləndə də. Azərbaycan kişisi təqvimə baxıb yalnız bircə şeylə qürrələnir – “neçə gün xəyanət edə bildim”. Azərbaycan qadını “ərimi necə çərlətdim” dərəcəsiylə öz məharətini ölçür. Sevginin nə mahiyyətini, nə məzmununu ömrü boyu dərk edə bildik. Acığımızı da, xüsusən də xarici əsərlərdə və filmlərdə əsl məhəbbəti görəndən sonra, Valentindən çıxırıq. Sevə bilməmək kompleksinin hikkəsini 14 Fevrala tökürük. Ya Valentini lənətləyirik, ya bu gün qiymətərin qalxmasından danışırıq.

Bəlkə, hər şeyi unudub bircə bu gün sevə bilək. Əslində, sevə bilmirik. Məsələn, torpağımızı. 200 ildir nə Təbriz, nə İrəvan, nə də ki, 25 ildir Qarabağ yadımıza düşür, ancaq dilimizdən düşmür.

Müstəqilliyimizdən 26 il keçməsinə baxmayaraq, hələ də bayrağımızı tərs asırıqsa, demək onu da sevmirik.

Əslində, övladımızı da sevmirik. Biz onu hazırlığa, universitetə ona görə yollayırıq ki, bəhsəbəhs oyununda qalib olaq. Vətənimizi sevsəydik, oğullarımızı universitetə yox, birinci hərbi xidmətə yollayardıq.

Ana sevgisindən bəhs edən uzun-uzadı segahara qulaq asıb ağlaşsaq da, heç anamızı da sevmirik. Bilirsiniz, biz niyə hind filmlərinə bu qədər çox baxırıq. Çünki, orda əsl sevgini görürük və özümüz sevə bilmədiyimiz üçün ağlayırıq. Tarixin fərqi yoxdur, ilin bir gününü özünüz üçün seçin, heç olmasa bircə gün ürəkdən sevin. Sevin və sevilin, xanımlar və cənablar.

Dilrubə Vaqifzadə