Əmir Teymurun ordusu böyük savaşlara 500 min süvari, 1,5 milyon atla gedirdi.
Əmir Teymurun ordusu böyük savaşlara 500 min süvari, 1,5 milyon atla gedirdi.
Sizcə, niyə atların sayı döyüşçülərin sayından 3 dəfə çox idi? Çünki böyük savaşlarda ildırımsürətli hücum üçün hər döyüşçü bir atdan deyil, üç atdan istifadə edirdi.
Kult.az xəbər verir ki, bu sözləri tanınmış tarixçi Güntay Gəncalp yazıb. O, Əmir Teymurla bağlı maraqlı məlumatları bölüşüb:
“Atlardan biri döyüşçünün və atların qida ehtiyatını daşıyırdı. Üçüncü at isə boş qaçırdı. Döyüşçünün atı yorulanda, o, vaxt itirmədən boş olan atın belinə minirdi. Yorğun at isə öz-özünə asta-asta dincəlirdi. Əmir Teymur Ankara döyüşünə də bu cür gəldi. Sultan Bəyazid Teymurun ordusunun Ankaraya 6 aya gələcəyini zənn edirdi. Lakin Teymur bu taktika ilə cəmi 3 aya Ankaraya çataraq, Osmanlı ordusunu qabaqladı. Bəyazid Teymurun gəlib çatdığına inanmamışdı.
Teymurun döyüşçüləri yeyəcəkləri əti atlarının ayaqlarının arasına yerləşdirirdilər. Kilometrlərlə qaçan atların ayaqlarının arasındakı ət yaranan istidən bişirdi və yeməyə hazır olurdu.
Əmir Teymur ölümünə görə iki planını həyata keçirə bilməyib. Bunlardan biri Çini, digəri isə İstanbulu ələ keçirmək idi. Hər iki hücumu İldırım Ordusu ilə həyata keçirməyi planlaşdırmışdı. Lakin o, Çinə hücum zamanı yolda öldü”.
Qeyd edək ki, 1402-ci ildə Osmanlı Sultanı İldırım Bəyazidlə Əmir Teymur arasında baş vermiş Ankara döyüşü orta əsrlər tarixinin ən qanlı savaşlarından biri kimi tarixə damğa vurub. Türk dünyasına qara ləkə kimi düşən döyüş osmanlıların məğlubiyyəti ilə başa çatıb.