“Ötən il Azərbaycanda baş verən önəmli hadisələr sırasında Azərbaycanda keçirilən İslam Həmrəyliyi Oyunlarını qeyd etmək olar. İdmançılarımız komanda hesabında birinci yerə çıxdılar” .
TİA.AZ-ın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib. O deyib ki, 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan olunması barədə qərar bizim bir daha öz tarixi köklərimizə bağlılığımızı göstərib: “Əminəm ki, 2018-ci il də ölkəmiz üçün uğurlu olacaq”.
***
“Turizmin inkişafı ilə bağlı bu il də əlavə tədbirlər görüləcək”.
TİA.AZ-ın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib.
Dövlət başçısı deyib ki, 2018-ci il TANAP layihəsinin icrası, Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyəti üçün önəmli il olacaq: “Bu il ölkədə 2 min km-dən çox avtomobil yolu çəkiləcək. Bölgələrdə qazlaşdırma işlərinin 95 faizə çatdırılması nəzərdə tutulub. 100 min hektardan çox yeni sahənin su təminatı təşkil ediləcək”.
Prezident İlham Əliyev qeyd edib ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü qeyd ediləcək: “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixi hadisə idi. Müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Bütün bunları nəzərə alaraq, 2018-ci ili Azərbaycan Xalq Cümhuriyyəti İli elan edirəm”.