Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sığınacaqda olan sənədsiz uşaqların məktəbə yerləşdirilməsi üçün nazir Emin Əmrullayevdən kömək istəyir.
Tribunainfo.az xəbər verir ki, bu barədə K.Ağazadə Feysbuk hesabında yazıb. O bildirib ki, bəzi uşaqların sənədi olmadığı üçün məktəbə yerləşdirmək mümkün olmur:
“Uşaqların sənədi olmadığına görə nə məktəbə, nə də bağçaya götürmürlər. Sənədsiz uşaqların onlayn formada məktəbə və bağçaya götürülməsi mümkün deyil. Bəz biz nə edək? Elektron sistemdə sənədsiz uşaqlar üçün pəncərə açılmalıdır.
Mənim balalarım təhsil almalıdır. Bu onların haqqıdır, sənədləri olsa da, olmasa da.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi elektron sisteminizdə sənədsiz uşaqlar üçün pəncərəni açın. Açın ki, təhsil onların üzünə açılsın. Emin Amrullayev, bunu siz edə bilərsiniz”.
K.Ağazadə bundan öncəki paylaşımında da sığınacaqdakı sənədsiz uşaqların sayı barədə məlumat vermişdi:
“Sığınacaqda qeydiyyatda 54 uşaq var. Hazırda 30 uşaq sığınacaqda, 24 uşaq isə sanatoriyalardadır. Sanatoriyada olan uşaqların müddəti sentyabr ayının sonunadək bitir.
14 uşaq bu il 1-ci sinifə getməlidir. Elektron sistem icazə versə. 12 uşaq isə məktəbəqədər təhsil müəssisəsinə getməlidir. Elektron sistem icazə versə. 4 uşaq fərdi təhsilə getməlidir, yenə də elektron sistem icazə versə.
24 uşaqdan ancaq 2 uşaq körpədir, 1 yaşları hələ yoxdur. 1 uşaq isə 1 yaş 8 aylıqdır. 21 uşaqdan 6 nəfəri peşə təhsili və kollecə gedəcək. 15 nəfər uşaqdan isə 7 nəfəri yaxınlıqdakı məktəbə yerdəyişmə olunacaq və keçən ildən sığınacaqdan məktəbə gedən isə 8 nəfərdir. Elektron sistem icazə verməyəcək, çünki şəxsiyyətini təsdiq edən sənədləri yoxdur. Bu yaxınlarda da olmayacaq”.