Azərbaycanda bütün sahələr üzrə cərrahiyyə əməliyyatları icra edilir, buna görə də əməliyyat üçün xaricə xəstə göndərilməsi dayandırılıb.
Azərbaycanda bütün sahələr üzrə cərrahiyyə əməliyyatları icra edilir, buna görə də əməliyyat üçün xaricə xəstə göndərilməsi dayandırılıb.
Bunu virtualaz.org saytına açıqlamasında Səhiyyə Nazirliyinin baş cərrahı Hacıqulu Bağırov bildirib.
H.Bağırov Vətəndaşların respublikadankənar müalicəyə göndərilməsi məsələləri üzrə Komissiyanın üzvüdür.
Onun sözlərinə görə, komissiyaya müraciət edən xəstələr əməliyyat üçün xaricə göndərilmir. Çünki Azərbaycanda mürəkkəb cərahiyyə əməliyyatlarının icrasına imkan var: “Ürək, qarın boşluğu, orqan köçürülmə əməliyyatları uğurla həyata keçirilir. Müraciət edən xəstələr yerli mütəxəssislərə ünvanlandırılır”.
Baş cərrah İran və ya digər ölkələrə gedən xəstələrdən danışıb. “Hər kəsin həkim seçmək hüququ var. Amma xarici ölkələrə, xüsusilə İrana gedən, orada əməliyyat olunan xəstələr bəzən fəsadlarla geri dönürlər. Belə xəstələrin əksəriyyəti plastik əməliyyat olunanlardır. Bu gün ölkədə plastik əməliyyatlar da icra olunur”,-Bağırov əlavə edib.
Bakı Ürək Mərkəzinin döş qəfəsi cərrahı Elmar Məmmədov isə deyib ki, hazırda Azərbaycanda tək icra olunmayan əməliyyat ağciyər köçürülməsidir. Qanunvericilik icazə verəndən sonra meyitdən ağciyər köçürülməsi də icra oluna bilər. “Son illər xaricdə əməliyyat olunaraq fəsadlaşmış halda geri dönən xəstələr müraciət edirlər. Hazırda Azərbaycan səhiyyəsi İran və Gürcüstanın səhiyyəsindən geri qalmır. Bəzən dünyanın inkişaf etmiş ölkəsində və ya tanınmış klinikada əməliyyat olunandan sonra ağırlaşan xəstələr olur. Cərrahiyyə əməliyyatlarında status əhəmiyyətli deyil, əməliyyatın düzgün aparılıb-aparılmadığı önəm daşıyır. Çox zaman həkim başqa ölkədən gələn xəstə üçün məsuliyyət daşımır. Biz isə öz xəstələrimizə görə məsuliyyət daşıyırıq, onlar daim diqqət mərkəzində saxlanılır ki, əməliyyatdan sonra ağırlaşma və ya fəsad yaranmasın”,- Məmmədov bildirib.