Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 233-cü maddəsinə görə, əgər açıq havada və ya isti şəraitdə temperatur 41°C-dən artıqdırsa, işçilərə fasilə verilməli və zəruri hallarda iş müvəqqəti dayandırılmalıdır. Bu, onların sağlamlığını qorumaq məqsədi daşıyır. Lakin reallıqda bəzi işçilər hələ də belə anormal şəraitdə işləməyə məcbur qalır. Bəs nə üçün bəzi iş yerləri bu qanuni tələblərə əməl etmir?
Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən iqtisadiyyat üzrə fəlsəfə doktoru Günay Hüseynova bildirib ki, qanunun tələblərinin pozulmaması üçün ilk növbədə həm nəzarət olmalı, həm də işçi haqlarının pozulduğu təqdirdə qanunlar sərtləşdirilməlidir.
G. Hüseynovanın sözlərinə görə, bunların da heç biri olmadığı üçün bu kimi özbaşınalıq halları günü-gündən artır. İşçinin bu kimi qanun pozuntularında haqqını müdafiə edə bilməməsinin səbəbi də ilk növbədə məlumatsızlığı və ən əsası isə işdən çıxarılma qorxusunun olmasıdır. Dövlət və özəl müəssisələrdə rəhbər tərəfindən işci təzyiqlərə məruz qalır “işləmirsən, ərizəni yaz çıx”, “iş axtaran çoxdur” və ya “maddə ilə çıxardacam, başqa yerdə də işə götürməyəcəklər” kimi basqılar olur. Və ya anormal hava şəraitində rəhbər şəxslər öz şəxsi işlərini gördürürlər.
Axırıncı dəfə Əmək Müfəttişliyi yolunu nə vaxt salıb müəssisələrdən, onların iş şəraiti ilə tanış olub? Regionlarda yollara asvalt çəkilir və yə daş-tamet düzülür, həm də 41 dərəcə istidə. Əmək Müfəttişliyi görmür ki, işçi hansı şəraitdə işləyir? və ya görmək istəmir? Yoxsa Avropa ölkələrindəki kimi mitinq olmalıdır və ya işçi getməlidir şikayətə?Nəzarət olmayanda da rəhbər də özbaşınalıq edir. Əgər nəzarət edilmirsə, media, televiziya vasitəsi ilə ictimailəşdirmək lazımdır.
Dəniz Pənahova