Ermənistan müxalifəti aprel seçkisinə ciddi hazırlaşır.Ermənistan müxalifəti aprel seçkisinə ciddi hazırlaşır.
Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində politoloq Elxan Şahinoğlu paylaşıb. O, artıq Ermənistan Prezidenti Serj Sərkisyanı tək qoyanların sayının artdığını bildirib: “Sərkisyan Seyran Ohanyanı müdafiə naziri vəzifəsindən uzaqlaşdırdıqdan sonra eks-nazir siyasi fəaliyyətə başlayacağını elan etdi və keçmiş xarici işlər naziri Vardan Oskanyanla siyasi blok formalaşdırdı. Bu bloka Ermənistanın tanınmış siyasətçisi, keçmiş dissident Paruyur Ayrikyan da qoşulub. Ayrikyan müstəqillikdən bu yana Ermənistan hakimiyyətlərinə qarşı hər zaman müxalifətdə olub, ruspərəst siyasətin əleyhinədir. Ayrikyan özü yeni blokun müvəqqəti xarakter daşıdığını bildirir, əsas məqsədlərinin Serj Sərkisyanın parlament seçkisində qələbəsini əngəlləmək olduğunu deyir.
Bu gün Serj Sərkisyan partiyadakı müavinini, keçmiş baş nazir Ovik Abramyanı da itirdi. Abramyan hakim partiyadan istefa verdiyini açıqladı. Böyük ehtimalla, o da müxalifətin sıralarını genişləndirəcək. Ovik Abramyanın Ohanyan-Oskaynan-Ayrikyan üçlüyünə qoşulması ehtimalı da yüksəkdir. O biri tərəfdə isə Serj Sərkisyanı qarabaqara izləyən keçmiş dostu, eks-prezident Robert Köçəryan var. O da Sərkisyanın idarəetməsinin tənqidçilərindəndir. Bu sıraya keçmiş prezident Levon Ter-Petrosyanı da əlavə etsək, apreldə Serj Sərkisyanı ciddi sınaq gözlədiyini ehtimal etmək mümkündür. Sərkisyan hakimiyyətinin ömrünü uzatmaq üçün növbəti dəfə qarşıdurmaya gedəcək. İrəvan küçələrində kütləvi silahlı toqquşma da istisna deyil. İndi əsas məsələ Ermənistanda hakimiyyət dəyişikliyinə ağaları Moskvanın icazəsinin alınmasıdır. Moskvada Sərkisyana böyük simpatiya yoxdur. Təsadüfi deyil ki, hakimiyyətdə təmsil olunmamalarına rəğmən, Robert Köçəryan Vladimir Putinlə, Ovik Abramyan isə Dmitri Medvedyevlə görüşür”.