Elnarə Qasımova barəsində həbs qətimkan tədbiri seçildibackend

Elnarə Qasımova barəsində həbs qətimkan tədbiri seçildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Jurnalist Elnarə Qasımova barəsində 2 ay 17 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Bu barədə onun yaxınları məlumat yayıb.
Bildirilib ki, qərar Xətai rayon məhkəməsində hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qəbul olunub.
Qeyd olunur ki, ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, yanvarın 13-də “Abzas Media” işi ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinə çağırılan jurnalist burada saxlanılıb.
Qeyd edək ki, “Abzas Media”nın direktoru Ülvi Həsənli ötən il noyabrın 20-də səhər saat 5 radələrində evinin qarşısında taksiyə minərkən saxlanılıb. Günorta isə “Abzas Media”nın ofisində axtarış aparılıb. Axtarış nəticəsində ofisdən 40 min avro pul tapıldığı iddia olunub.
Mətbuat orqanının baş redaktoru Sevinc Vaqifqızı isə noyabrın 21-nə keçən gecə saat 2 radələrində İstanbuldan gələn təyyarə Bakıda yerə enən kimi saxlanılıb. Daha sonra gecə saat 3 radələrində onun yaşadığı evdə axtarış aparılıb. Ancaq mənzildən heç nə tapılmadığı bildirilir.
Noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov saxlanılıb. Bir müddət sonra jurnalist Nərgiz Absalamova, ardınca da dekabrın 13-də Hafiz Babalı tutulub.
Onların hər birinə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham irəli sürülüb.