Əməkdar artist Elnarə Abdullayeva cəmiyyətdə tənqidlə qarşılanan fransızca ifasına aydınlıq gətirib.
Xanəndə açıqlamasında bildirib ki, fransızca mahnını memar Rasim Əliyevin sifarişi ilə oxuyub:
“Mənim ifamı sosial şəbəkələrdə paylaşanlara təşəkkür edirəm. Əslində, mən o ifanı 3 ildən çoxdur ki, yazdırmışam. Özü də onu Azərbaycanda oxumuşam. Belə baxıram ki, həmin ifamın indi bəxti açılıb. Allah rəhmət eləsin Rasim Əliyevə, günlərin birində mənə fransa müğənnisi Edit Piafın ifasını göndərdi, dedi ki, vaxtın olanda qulaq as. Mən də həmin mahnını hazırladım və oğlunun toyunda Rasim müəllimə hədiyyə etdim. Rasim Əliyev də təəccəblə soruşdu ki, ciddisən, sən bunu oxuya bilərsən? Dedim burada nə var ki? Mən ingilis dilində təhsil almışam, amma fransız dilindən xəbərim yoxdur. Xarici Dillər Universitetinin bir müəllimi var – Məxmər müəllim. Onun sayəsində bunu istədiyim kimi oxudum. Özü də tələffüzündən razı qaldı. Mahnını toyda oxudum. Toyda mənə söz veriləndə bilmirdilər ki, bu mahnını oxuyacam. Oxuyanda elə bildilər ki, disk səhv düşüb, heç kim inanmırdı, hamı əllərində çəngəl-bıçağı tutub təəccüblə baxırdılar. Dedim mənəm, Elnarə Abdullayeva. Düzü, ifalarımdan razı qalan deyiləm, amma bu ifanı çox bəyəndilər”.
Elnarə Abdullayeva onu bu ifaya görə tənqid edənlərə də təşəkkür edib:
“Hərənin bir fikri var. Nə deyə bilərəm, əsas odur ki, qulaq asıb, mənim ifamı dinləyiblər. Pisləyənlər də paylaşıb, tərifləyənlər də. Axır ki, ifam gündəm olub”.