Elmira Süleymanova ermənilərdən beynəlxalq təşkilatlara müraciət edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Ermənistan ordusu tərəfindən mülki əhalinin, xüsusən də uşaqların hədəfə alınması ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. 

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Ermənistan ordusu tərəfindən mülki əhalinin, xüsusən də uşaqların hədəfə alınması ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.

Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə, müraciətdə bildirilir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri 2017-ci il avqust ayının 7-də Azərbaycanın işğal olunmuş ərazilərindən Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Qaralar kəndini iriçaplı silahlardan atəşə tutaraq mülki əhalinin qəsdən məhv edilməsi məqsədilə törətdikləri növbəti təxribat nəticəsində Qaralar kənd sakini – 2004-cü il təvəllüdlü 13 yaşlı uşaq Yusifov Ramin Sabir oğlu qəlpə xəsarətləri alaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

“Mülki insanların, o cümlədən uşaqların hədəfə alınması və qətlə yetirilməsi məqsədi daşıyan qəddar əməllər işğalçı Ermənistanın yürütdüyü davamlı terrorizm siyasətinin tərkib hissəsidir. 2017-ci ilin 4 iyul tarixində isə Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndində məskunlaşan çoxsaylı mülki əhalinin yaşadığı yaşayış məntəqələri və mülki obyektlər hədəflənmiş şəkildə, qəsdən 80 və 102 millimetrlik minaatanlardan, dəzgahlı qumbaraatanlardan atəşə tutulub, nəticədə 1967-ci il təvəllüdlü yaşlı qadın Allahverdiyeva Sahibə və onun 2 yaşlı qız nəvəsi Quliyeva Zəhra həlak olub, digər mülki şəxs 1965-ci il təvəllüdlü qadın Quliyeva Səlminaz ağır yaralanıb və mülki obyektlər dağıdılıb. Göründüyü kimi, Ermənistan özünün təcavüzkar əməllərində əl çəkməyərək Ordumuzun cəbhəboyu mövqelərini və mülki əhalinin yaşadığı əraziləri iriçaplı silahlardan intensiv atəşə tutmaqla beynəlxalq humanitar hüquq normalarının tələblərini kobud surətdə pozmaqda davam edir. Cəzasızlıq mühitinin arxayınçılığı belə səviyyəyə çatıb ki, dəfələrlə törətdiyi vəhşiliklər, xüsusilə azyaşlı uşaq və qadınları hədəfə alması beynəlxalq ictimaiyyət tərəfindən kəskin şəkildə pislənilməsinə baxmayaraq, Ermənistan bu çirkin əməllərindən nəticə çıxarmayaraq avqustun 7-də 13 yaşlı Ramin Yusifovun yaralanması ilə nəticələnən növbəti cinayəti törətməkdən belə çəkinməyib”, – deyə müraciətdə qeyd olunub.

Müraciət BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, YUNİSEF-ə, İslam Əməkdaşlıq Təşkilatına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə və müxtəlif ölkələrin ombudsmanlarına ünvanlanıb.