Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə Azərbaycan jurnalistlərini təhqir etməsi məsələsi Azərbaycan mediasında narazılıqla qarşılanıb.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə Azərbaycan jurnalistlərini təhqir etməsi məsələsi Azərbaycan mediasında narazılıqla qarşılanıb.
Azərbaycanlı jurnalistin ermənilər tərəfindən girov götürülən, sonra isə qondarma “DQR” məhkəməsi tərəfindən 2014-cü ilin dekabrında ömürlük həbs cəzası verilən Rusiya vətəndaşı Dilqəm Əsgərovla bağlı sualını yarımçıq qoyan “diplomat” qadın suala tam qulaq asmadan, Azərbaycan mediasında gedən yazılar barədə təhqiredici ifadələr işlədib.
Görəsən, Zaxarovun belə sərt reaksiyasi burda jurnalistin qeyri-peşəkar olmasından, yoxsa azərbaycanlılara qarşı olan antipatiyasından irəli gəlir? Mövzuyla bağlı media nümayəndələrinin də fikirlərini öyrəndik.
Məsələyə “Trend” İnformasiya Ağentliyinin baş direktoru, politoloq Arzu Nağıyev belə rəy bildiridi: “Zaxarova Rusiya Xarici İşlər Nazirliyinin sözçüsüdür və istəməsə mövqeyini bildirməz. Heç kim ona məcbur edə bilməz. Düşünürəm ki, Zaxarova qeyri-etik davranıb. Bu, heç də nə onun təmsil etdiyi quruma baş ucalığı gətirmir, nə də ki Rusiya –Azərbaycan münasibətlərində müsbət hal kimi dəyərləndirilə bilməz”.
APA-nın redaktoru Şahin Cəfərli bildirdi ki, Mariya Zaxarovanın reaksiyasının jurnalistin sualı ilə əlaqəsi yoxdur: “Hətta mən dəqiq bilirəm ki, Zaxarovanın jurnalist Fərid Əkbərova münasibəti normaldır, hər zaman onun suallarını cavablandırır. Məncə, Zaxarovanın reaksiyası onun ümumilikdə Azərbaycana münasibətindən qaynaqlanır. Güman edirəm ki, Azərbaycanın apardığı xarici siyasət, yəni ölkəmizin Rusiyanın liderliyi ilə qurulan inteqrasiya layihələrinə qoşulmaması, bəzən isə Rusiyanın maraqlarına zidd siyasət yeritməsi Moskvada xoş qarşılanmır. Zaxarovanın davranışı Kremldə, Rusiya Xarici İşlər Nazirliyində olan ümumi ab-havanı əks etdirir. Onların öz sadiq müttəfiqləri olan Ermənistana daha isti yanaşdıqları sirr deyil. Bunu Zaxarovanın uydurma “erməni soyqırımı”nın ildönümü ilə əlaqədar verdiyi açıqlama da sübut edir”.
1 news.az saytının müxbiri Babək Cahandarov bildirdi ki, Mariya Zaxarovanın bu cür çıxışı azərbaycanlılara qarşı antipatiyasından irəli gəlir: “Lakin istənilən halda onun azərbaycanlı jurnalistin sualını aqressiv qarşılaması və azərbaycanlı jurnalistləri təhqir etməsi yolverilməzdir. Çünki Zaxarova hansısa adi vətəndaş yox, Rusiya kimi bir dövlətin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsidir. Bu baxımdan onun dedikləri Azərbaycanla Rusiya arasında münasibətlərə dolayısı ilə mənfi təsir göstərə bilər. Bildiyiniz kimi, Azərbaycan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı öz narazılığını bildirib. Rusiya tərəfi də bu məsələyə reaksiya verməli, ən azından məsuliyyətsiz hərəkətinə görə, Zaxarovaya xəbərdarlıq edilməlidir ki, bir də bu kimi xoşagəlməz hallar baş verməsin. Ona ünvanlanan suala gəlincə, çox normal sualdır. Rusiya öz vətəndaşına sahib çıxmaya bilər. Lakin biz heç bir halda haqsız yerə əsirlikdə saxlanılan soydaşımızın taleyinə biganə qala bilmərik”.
“Cümhuriyət” qəzetinin redaktoru Elman Cəfərli azərbaycanlı jurnalistin sualının normal olduğunu bildirərək bu fikirləri səsləndirdi: ” Azərbaycan jurnalistlərinin yazdığı qabalıq deyil, əksinə Mariya Zaxarovanın etdiyi diplomata yaraşmayan hərəkət idi. O, suala cavab verməli, verməsə belə bunu açıq-aşkar deməli idi. “Mən bu suala cavab vermək istəmirəm” demək elə də çətin deyildi. Zaxarova bu “qabalığı” ilə Azərbaycan mediasına, ictimai fikrinə, bütövlükdə Azərbaycana mövqeyini ortaya qoydu. Bildiyim qədər o, xarici işlər naziri Lavrovun kadrıdır. Lavrov Azərbaycana, azərbaycanlılara hansı münasibətdədirsə, sözçüsü də o münasibətdədir. Ümumilikdə, onların bizə aşağılayıcı yanaşması imperiya xislətindən, velikorus şovinizmindən doğur. Mən mediada, sosial şəbəkədə izlədim, Azərbaycanda yalnız rusiyapərəstlər, Putini peyğəmbər hesab edənlər, Sovet nostaljisi ilə yaşayan “ziyalılar”, jurnalistlər Zaxarovanı haqlı çıxardılar. Yanlışı ilə, doğrusu ilə Zaxarovanın aşağıladığı bizim mediamızdır. milli qüruru olan insan Zaxarovanın mövqeyini dəstəkləməz”.
BakuPost.az agentliyi baş redaktoru Elcin Zahiroğlu bildirdi ki, baş verən hadisədə jurnalistin peşəkarlığının səviyyəsinin ölçülməsi bəlkə də sonuncu işlərdən biridir: “Yəni, bu məsələdən qabaq xeyli məqamlar var ki, əsasən onlar müzakirə edilməlidir. Əsas məsələ ondan ibarətdir ki, Zaxarova öz vəzifəsinin məsuliyyətini hiss etmədən çox aqressiv və qeyri-etik davranıb. Onun reaksiyası açıq şəkildə göstərdi ki, Zaxarova nəinki Azərbaycanın Kütləvi İnformasiya Vasitələrinin nümayəndələrinə, ümumiyyətlə, ölkəmizə qarşı aqressivdi və bu aqressivlik onu hədləri qorumağa imkan vermədi, nəticədə də peşə davranışlarına sığmayan ifadələr işlətdi. Bu aqressiya iki qonşu və müttəfiq dövlətlər arasındakı münasibətləri, eləcə də media nümayəndələri arasında əlaqələri belə arxa plana atdı. Hesab edirəm ki, Azərbaycanın aidiyyəti qurumları ilə yanaşı, Rusiya dövlət rəsmiləri də Zaxarovanın bu xamlığına reaksiya, daha doğrusu izah verməli, onun cəzalandırılması üçün müvafiq addımlar atılmalıdır”.
“Qaynar.info” portalının baş redaktoru Zahir Əzəmətə görə, Zaxarovanın mövqeyi onun Azərbaycana münasibətini ortaya qoyur: “Bu həm də rəsmi Kremlin münasibətidir. Jurnalist dipliomat deyil, sual verib. Hamımız yaxşı bilirik ki, Qarabağ problemini yaradan da, həllinə mane olan da Rusiyadır. Zaxarova da rəsmi Moskvanın sözçüsüdür. Burada nala-mıxa vurmaq lazım deyil, bu elə Rusiyanın mövqeyidir. Əksinə, görünür Zaxarova yetərincə peşəkar deyil ki, heç bir siyasi və diplomatik etikaya sığmayan dildə danışır”.
“Şərq” qəzetinin redaktoru Ayyət Əhməd bildirdi ki, jurnalisti qeyri-peşəkar adlandırmaq fikri ilə razı deyil: “Jurnalist tamamilə yerli, haqlı bir sual verib. Bu, milli təfəkkürdən irəli gələn bir sualdır. Milli təəssübkeşliyə görə o jurnalistə qeyri-peşəkar arqumentlər qoyanların özləri elə qeyri-peşəkardırlar və anti-milli insanlardır. O, girovluqda saxlanan Rusiya vətəndaşı olan Dilqəm Əsgərovla bağlı sual verib. Bu, bütövlükdə Azərbaycan cəmiyyətini narahat edən bir sualdır. Mən həmin həmkarımıza təşəkkür edirəm ki, soydaşımızın məsələsini Zaxarovanın qarşısında qaldıra bilibdir. Jurnalistin missiyası sual verməkdir. Qarşı tərəfin haqqı budur ki, suala ya cavab versin və ya verməsin. Amma onun Azərbaycan jurnalistini xam adlandırması tamamilə məntiqdən uzaq və kobud ifadələrdir, heç bir çərçivəyə sığmayan bir məsələdir. O qeyd edir ki, girovlarla bağlı Azərbaycan mediası, nəşrləri xam yazı yazırlar. Əslində bizim danışdırdıqlarımız adamlar hər biri millət vəkilləri, QHT sədrləridir. O, eyni zamanda Azərbaycanın millət vəkillərini də xam adlandırıb. Buna Azərbaycan Milli Məclisi səviyyəsində də cavab verilməlidir. Milli Məclis üzvləri də təpki verməlidirlər, çünki onlar da təhqir olunublar. Burdan bir sual da doğur ki, əgər bu ikili standart deyilsə, bu qərəzli mövqe deyilsə, Rusiyanın hər hansı bir müsəlman olmayan vətəndaşı, azərbaycanlı olmayan vətəndaşına qarşı doğrudanmı Ermənistan qondarma məhkəmə qura bilərdi? Əlbəttə ki, qura bilməzdi. Ermənistan buna cürət də edə bilməzdi. Amma burada sırf azərbaycanlı olduğu üçün Ermənistan tərəfi buna saxta məhkəmələr qurub. Soydaşlarımızın ata- babalarının məzarlarını ziyarət etməkdə günahlandırılması nə vaxtdan günah sayılıb? Ümumiyyətlə, eramızdan əvvəl 909-cu ildən bəri slavyan xalqlarının Xəzəryanı bölgələrə yürüşündən bəri rusların Azərbaycana işğalçılıq, qəsbkarlıq siyasəti başlayıb. Bu gün də davam etməkdədir. Ömrüm boyu Rusiyanın Azərbaycana qarşı səmimiyyətinə heç vaxt inanmayacam. Nə qədər də deyilsə, Rusiya Azərbaycanın strateji tərəfdaşıdır, hərbi müttəfiqidir. Mən bu məsələlərə inanmıram! Azərbaycanı həmişə işğal edən, parçalayan Rusiya olub.
Televizayadan gündəmi izləyəndə görürük ki, Qarabağ münaqişəsində bizim deputatlarımız sanki Rusiyanın adını çəkməkdən ehtiyat edirlər. Bu da Ermənistanı böyük göstərir. Ermənistan kimdi ki, bizim ərazini işğal etsin. Bu gün Azərbaycanın rəqibi Ermənistan deyil. Bütün sahələrdə parametrlərlə götürsək, Ermənistan bzidən dəfələrlə geridədir. Rəqabətə girən gücdə, iqtidarda, qüdrətdə deyillər. Bizim düşmənimiz Rusiyadır. Bizim ərazimizi tarixən onlar işğal ediblər. Girovda saxlayan da ruslardır. Əgər belə deyilsə, Zaxarova buna bu cür sərt reaksiya verməzdi. Çünki o, sıradan bir insan deyil, Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsüdür”.
“Müsavat” qəzetinin müxbiri Aygün Muradxanlıya görə Zaxarovanın çıxışı rəsmi Moskvanın qərəzli mövqeyini ortaya qoyur: “Çünki o, heç sualı sonuna qədər dinləmədi. Moskva rəsmiləri hər zaman Qarabağla bağlı suallara Ermənistanın mövqeyinə yaxın cavablar verirlər. Bu halda da söhbət Rusiya vətəndaşı olan Dilqəmin əsirliyinə Moskvanın Lapşindən çox- çox az diqqət ayırmasından gedir. Zaxarovanın belə davranışı həm də Kremlin Qarabağ məsələsinə hansı kontekstdən baxdığını ortaya qoyur”.
İlahə