Elm və Təhsil Nazirliyi “Rəqəmsal bacarıqlar” layihəsi üçün iş dəftərlərinin istehsalı ilə bağlı tender elan etsə də, istəyini reallaşdıra bilməyəcək. Tribunainfo.az xəbər verir ki, buna səbəb Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin həmin tenderin nəticələrini ləğv etməsidir.
Rəsmi qaynaqlarda qeyd edilir ki, dəyəri 243.151,09 manat olan tenderin ləğvinin başlıca səbəbi qanunun bəzi tələblərinin pozulması olub. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti isə bu qanunsuzluqları nəzərə alaraq 16 sentyabr 2024-cü il tarixində AİBNDX/SQ-8725/2024 nömrəli qərar qəbul edib.
Güman edilir ki, tenderin ləğvinin başlıca səbəbi işin görülməsi üçün nəzərdə tutulan məbləğin şişirdilməsi olub.
Tribunainfo.az xəbər verir ki, bu arada Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təhcizat İdarəsi tender keçirib və onun nəticələri açıqlanıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr binasının tikintisi üçün keçirilən tenderin dəyəri 3.707.085,64 manat olacaq. Bununla bağlı isə “GLOBAL INTERIORS GROUP” MMC ilə satınalma müqaviləsi bağlanılıb.
Araşdırmalar nəticəsində məlum olub ki, bu şirkətlər ETN arasında münasibətlər yeni deyil. Bundan əvvəl də şirkət nazirliyin bir neçə tenderini udub. Məsələn, bu ilin yanvarında Təhsilin İnkişafı Fondu “Bakı şəhəri, Nərimanov rayonu 57 nömrəli tam orta məktəbin sökülərək yerində 480 şagird yerlik yeni binanın tikintisi işlərini “Global İnteriors Group” MMC-yə verib. Bu məqsədlə qalib şirkətə 3 640 578 manat köçürülüb.
Qeyd edək ki, “Global İnteriors Group” MMC 2002-ci ildə yaradılıb, nizamnamə kapitalı 20 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Ruslan Hacıyev Şahin oğludur. Şirkətin hüquqi ünvanı AZ1065, Bakı Şəhəri Nəsimi Rayonu, Abbasqulu Ağa Bakıxanov, ev 6-da yerləşir. Lakin şirkətin oturduğu ofis isə Nəsimi r-nu, Bakıxanov küç., 24, Bridge Plaza, 13-cü mərtəbə qərarlaşıb.