Münhen görüşündə qeyd edilən məqamların şifahi olması, yazılı bir sənəddə əksini tapmaması Ermənistanın yayınma cəhdlərini mümkün edir. Lakin bütün hallarda bu görüş Bakının lazımi şərtlər və tərəfsizlik qorunacağı təqdirdə Qərb platformasına qayıtmasının mümkünlüyündən xəbər verir.
Bu sözləri Tribunainfo.az-a açıqlamasında siyasi analitik Turan Rzayev Münhendə baş tutan görüşlə bağlı danışarkən deyib. Ekspert bildirib ki, Almaniya kanslerinin görüşə xüsusi diqqət ayırması və tərəfləri incidəcək, narazı salacaq məqamlardan qaçması görüşün ümumi atmosferi kimi əldə edilən razılaşmaya da müsbət təsir etdi:
“Azərbaycan üçün indiki məqamda sülhün harada əldə edilməsin fərqi yoxdur. Prosesin ən qısa zamanda bitməsi, ən azından ilkin sülh sənədinin imzalanması Bakı üçün başlıca prioritetdir.
Bundan başqa, Qərb platformasına qayıdış həm də Rusiyanın sülh prosesində dominantlığının qarşısını almaq baxımından önəmlidir. Təcrübə göstərir ki, Qərb platformalarında əldə edilən razılıqları Kreml də qəbul etməli olur.
Sülh region üçün yeni inkişaf imkanları deməkdir. Bu imkanlardan faydalanmaq üçün isə ilk növbədə Azərbaycan kimi Ermənistanın da maraqlı olması və prosesi çıxılmaz vəziyyətə salmaması vacibdir”.
Nigar