ƏLİYEVLƏ PAŞİNYAN TƏKBƏTƏK GÖRÜŞƏ BİLƏR – BİR GÜNDƏ DÖRD SÜLH MESAJI

ƏLİYEVLƏ PAŞİNYAN TƏKBƏTƏK GÖRÜŞƏ BİLƏR – BİR GÜNDƏ DÖRD SÜLH MESAJI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün artıq hər hansı əngəlin olmadığını açıqlayıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə dövlət başçısı noyabrın 22-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa və Şimali Amerika üzrə dövlət naziri Leo Dokertini qəbul edərkən bildirib.
Dövlət başçısı ölkəmizin regional sülh gündəliyini dəstəklədiyini, sülh müqaviləsi və iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün Azərbaycanın Ermənistan ilə dialoqa hazır olduğunu vurğulayıb.

Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı son bəyanatda İrəvanın Bakı ilə yenidən danışıqlarda iştirak etməyə hazır olduğunu bildirməsi iki ölkə arasında yaxın zamanlarda sülh müqaviləsinin imzalanacağı fikrini yenidən aktuallaşdırıb.

Bəyanatda qeyd olunur ki, rəsmi İrəvan Ermənistanın Azərbaycanla münasibətlərin nizamlanması və Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması naminə səy göstərmək üçün siyasi iradəsini bir daha təsdiq edir. Bildirib ki, Ermənistan tərəfi sazişin mətni üzərində işi davam etdirib və onların Azərbaycanla qarşıdakı görüşlərdə təqdim olunmasını məqsədəuyğun hesab edib.

Həmçinin Ermənistan prezidenti Vaaqn Xaçaturyan da İrəvanda iraqlı həmkarı Əbdüllətif Camal Rəşidlə keçirdiyi birgə mətbuat konfransında deyib ki, Ermənistan regional və iqtisadi kommunikasiyaların açılmasında maraqlıdır.
Sitat: “Ermənistan suverenlik, yurisdiksiya və qarşılıqlı prinsiplər əsasında bütün regional və iqtisadi kommunikasiyaların açılmasında maraqlıdır. Bu da öz növbəsində regionda təhlükəsizliyi və sabitliyi təmin edəcək”.

Ermənistan parlamentinin sədri Alen Simonyan da deyib ki, Ermənistan sülh müqaviləsi ilə bağlı bütün variantları nəzərdən keçirir. O bildirib ki, sülh danışıqlarının harada keçirilməsi ilə bağlı da bütün variantlar barədə düşünülür.

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi noyabrın 21-də rəsmi Bakının sülh müqaviləsinin mümkün qədər tez tamamlanması üçün Ermənistanla ikitərəfli əsasda birbaşa danışıqlara hazır olduğunu bəyan edib.
“Qarşılıqlı məqbul məkanın seçilməsi və ya dövlət sərhədində görüş barədə qərar verilməsi də daxil olmaqla, sülh prosesinin davam etdirilməsinə görə iki ölkə məsuliyyət daşıyır”, – bəyanatda bildirilib.