“Dövlət başçısı aydın şəkildə izah etdi ki, bundan sonra da danışıqlar vasitəçisiz davam edəcək. Rəsmi Bakı istəmir ki, üçüncü tərəf iştirak etsin. Çünki kömək etmirlər, əngəl olurlar. Fikrimcə, İrəvan da razılaşıb. Artıq iki ölkə arasında etimad mühiti yaranır. Belə olan təqdirdə, moderatora zərurət yoxdur. O deməkdir ki, Prezident vasitəçi olmaq istəyən paytaxtlara öz mesajını vermiş oldu”.
Bu fikirləri Tribunainfo.az-a hüquq müdafiəçisi Xəzər Teyyublu deyib. Onun fikrincə, sülh danışıqları Əliyevlə Paşinyan arasında ikitərəfli görüşdə müzakirə oluna bilər: “Bu presedent var. Sədərəkdə Heydər Əliyevlə Robert Köçəryan danışıqlar aparmışdı. İndi rəmzi məna daşıya bilən delimitasiya olunmuş sərhəddə iki ölkənin liderləri bir araya gələ bilər. Hətta Astana görüşündə nazirlər bu məsələni razılaşdıra da bilər. Bu, dünyaya, bir siqnal olacaq. Artıq vasitəçi olmaq istəyən keçmiş həmsədr ölkələr də bunu qəbul edəcəklər”.
Qeyd edək ki, Prezident İlham Əliyev mayın 1-də keçirilən forumda mühüm mesajlar verib. Sitat: “Bizə vasitəçi lazım deyil. Xüsusən də o insanlar ki, məhz öz məqsədlərini güdürlər və yardım etmək istəmirlər. Onlar bizim bölgəyə öz fərdi, siyasi və iqtisadi maraqları naminə müdaxilə etmək istəyirlər. Onlar həmin alova yenidən odun atmaq istəyirlər. Biz Cənubi Qafqazda buna icazə verməyəcəyik, imkan verməyəcəyik. Otuzillik toqquşmadan sonra Ermənistan da aydın şəkildə anlayır ki, biz Cənubi Qafqazda sülh istəyirik və sülh bu bölgədə yalnız Azərbaycanla Ermənistan arasında normallaşma vasitəsilə həll oluna bilər”.