Şair Əlisəmid Kür Salyan rayon qəbiristanlığında dəfn edilib.
Tribunainfo.az xəbər verir ki, onunla rayonun Hacı Tağı məscidində vida mərasimi keçirilib.
Dəfndə şairin yaxınları, rayon icitimaiyyəti iştirak edib.
Qeyd edək ki, səhhətində yaranan problemlər səbəbindən Əlisəmid Kür sentyabrın 15-də Respublika Diaqnostika Mərkəzinə yerləşdirilmiş, daha sonra müalicəsi Respublika Klinik Xəstəxanasında davam etdirilmişdi.
Xatırladaq ki, Əlisəmid Kür 8 fevral 1954-cü ildə Salyan şəhərində müəllim ailəsində doğulub. 1981-ci ildə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində redaktor, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında və Azərbaycan Teatr Muzeyində müxtəlif vəzifələrdə çalışıb.
1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. 1989-cu ildə AYB-nin Ədəbiyyatı Təbliğ və Müəllif Hüquqları bürosunda şöbə müdiri, Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin “Yol” ədəbiyyat qəzetində şöbə müdiri, 1991-1994-cü illərdə “Yol” ədəbiyyat qəzetinin baş redaktoru vəzifəsində işləyib. Şeirləri dünyanın müxtəlif dillərinə tərcümə olunub, şeir almanaxlarında, ədəbi dərgilərdə dərc olunub. 20 il ərzində dünyanın bir çox şəhərlərində təşkil edilən şeir toplantılarında Azərbaycanı təmsil edib.