backend

Əli İnsanovun məhkəmə istintaqı yekunlaşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Qaradağ rayon Məhkəməsində həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
 Bu gün Qaradağ rayon Məhkəməsində həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Rəşad Mustafayevin sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsi başlayıb.

Ə.İnsanovun vəkili Toğrul Babayev bildirib ki, tapılan dərmanların istifadə müddəti barədə ekspert rəyində qeyd yoxdur. Hakim deyib ki, istifadə müddəti bitsəydi, bu barədə ekspert rəyində qeyd edilərdi.

Bundan sonra vəkil zərərçəkmiş Anar Məmmədovdan prokurorluqda nə zaman ifadə verməsini soruşub. A.Məmmədov hadisədən iki gün sonra prokurorluqda ifadə verdiyini deyib. Əli İnsanov isə deyib ki, dərman qabları ekspertizadan keçirilməyib. Vəkil Ağaveys Şahverdi qeyd edib ki, Əli İnsanovun cırdığı deyilən protokol iş materiallarında yoxdur. Hakim həmin protokolun maddi sübut kimi saxlanıldığını deyib.

Prosesdə vəkil Ağaveys Şahverdi sübutların əsassız hesab olunması barədə vəsatət verib. Məhkəmə vəsatəti təmin etməyib. Daha sonra məhkəmə istintaqının tamamlanması elan edilib. Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib. Növbəti proses aprelin 26-da davam edəcək.

Qeyd edək ki, ötən il avqustun 24-də həbsdə olan sabiq səhiyyə naziri Ə.İnsanov barəsində Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2 (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Ötən il oktyabrın 11-də Ə.İnsanov barəsində Qaradağ rayon Məhkəməsinin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib. Bu il yanvarın 11-də prokurorluğun təqdimatı ilə Qaradağ rayon Məhkəməsi Ə.İnsanov barəsində həbs qətimkan tədbirinin daha 2 ay, martın 3-də isə daha bir ay uzadılması barədə qərarlar çıxarıb.

Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həbs edilib. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında Ə.İnsanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan edilməklə 11 il müddətinə azadlıqdan məhrum edilib. (Trend)