“2023-cü ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət büdcəsi xərclərinin 36%-i və ya 13,1 mlrd. manatı sosialyönlü xərclərin maliyyələşdirilməsinə yönəldilib, bu da 12,7% artım deməkdir. Bununla yanaşı, 2023-cü ildə minimum əməkhaqları 15% artırılaraq 300 manatdan 345 manata çatdırılıb. Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan 700 min nəfər işçinin əməkhaqqı orta hesabla 15% artırılıb”.
Tribunainfo.az xəbər verir ki, bu sözləri Milli Məclisin iclasında çıxış edən Baş nazir Əli Əsədov deyib.
“Həmçinin, minimum pensiya məbləği 16,7%, orta pensiya məbləği 17,3%, yaşa görə pensiya məbləği isə 16,5% artıb. 2023-cü il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi bərabərləşmiş və müvafiq olaraq 2022-ci illə müqayisədə 17% və 23% artırılaraq 246 manat müəyyən edilib. 2023-cü ildə təkcə əməkhaqqı və sosial ödənişlərdə yeni artımlar üçün əlavə 750 mln.manat vəsait ayrılmış və 1,9 milyon vətəndaşı əhatə edib” – o bildirib.
Hökumət başçısı qeyd edib ki, hesabat ilində səhiyyə xidmətlərinə çıxışın yaxşılaşdırılması məqsədilə əhalinin icbari tibbi sığortalanması üzrə dövlət büdcəsinin payına düşən vəsait 1 milyard 264 mln. manat təşkil edib, bu da 12,6% artım deməkdir.
Baş nazir deputatlara xitabən vurğulayıb ki, ötən il onların da dəstəklədiyi dərman vasitələrinin tənzimlənməsi sahəsində qanunvericilikdə beynəlxalq təcrübəyə uyğun mühüm dəyişikliklər edilib:
“Belə ki, əczaçılıq sahəsində qabaqcıl ölkələrdə istehsal olunan dərman vasitələrinin dövlət qeydiyyatına alınması prosesi sadələşdirilir, qiymətqoyma sistemi təkmilləşdirilir, elektron resept tətbiqinə başlanır. İcbari tibbi sığorta çərçivəsində dərman vasitələri təminatının əhatə dairəsi genişləndirilir, yerli istehsalın təşkili istiqamətində müvafiq tədbirlər görülür. Bütün bunlar ölkə ərazisində dərman vasitələrinin çeşidinin artmasına, əczaçılıq sektorunun rəqabətli inkişafına və əhalinin daha keyfiyyətli dərman vasitələri ilə optimal qiymətlərlə təchizatına xidmət edəcək. Cənab Prezident İlham Əlyevin və Birinci vitse – prezident Mehriban xanın Əliyevanın daim diqqət və qayğısı ilə post müharibə dövründə 6000 mənzil şəhid ailələri, müharibə əlillərinə və həssas təbəqədən olan digər şəxslərə verilib, habelə 474 avtomobil müharibə əlillərinə təqdim edilib. Hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi tədbirləri çərçivəsində hərbi qulluqçulara 473 ədəd tam təmirli mənzil alınıb”.
Əli Əsədov qeyd edib ki, ölkə ərazisində qəzalı binalarla bağlı problemlərin həlli üçün son illərdə respublikanın 12 şəhər və rayonlarında qəzalı binaların sökülərək yeni binaların tikintisinə və ya sakinlərə maddi yardımların verilməsinə 44,7 mln.manat vəsait ayrılıb, 26 binada yaşayan 971 ailənin mənzil-məişət şəraiti yaxşılaşdırılıb:
“Bu istiqamətdə cənab Prezidentin tapşırığına uyğun olaraq, Bakı, Gəncə və Sumqayıt kimi iri şəhərlərdə ən təhlükəli vəziyyətdə olan 69 bina (2886 ailə) ilə bağlı tədbirlərin həyata keçirilməsi üçün 50 mln.manat vəsait ayrılıb. Növbəti 3 ildə bu istiqamətdə işlər davam etdiriləcək. 2023-cü ildə təhsil sisteminin inkişafı üçün dövlət büdcəsində təhsil xərclərinə 4,4 mlrd. manat vəsait ayrılıb – artım 19,2%. 2023-cü ildə 186 təhsil müəssisəsində əsaslı təmir və tikinti işləri aparılıb. Habelə ötən il Heydər Əliyev Fondu tərəfindən 17 ümumi təhsil müəssisəsi tikilmiş, 2-si əsaslı təmir olunub və 9-unun isə tikinti işləri davam etdirilir”.