Demokratik İslahatlar Partiyasının (DİP) funksioneri, Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyinin sədri Əli Cəfərov jurnalistlərin suallarına cavab olaraq bildirib ki, o, növbədənkənar parlament seçkilərində öz namizədliyini irəli sürəcək. Seçki marafonuna qatılacağı dairəyə gəldikdə isə, bu, doğulub boya-başa çatdığı Masallı rayonunda yerləşən müvafiq dairə seçki komissiyası olacaq. Hələlik DSK-ların ərazisi ilə bağlı tam dəqiqləşdirilmələr aparılması prosesi başa çatmadığından həmin ərazilərin bir qisminin 73 saylı Masallı-Cəlilabad və ya 74 saylı Masallı şəhər DSK-ya aid olacağı müəyyənləşəcək. Ərazilər tam aydınlaşandan sonra o da hansı dairədən namizəd olacağını qətiləşdirəcəkdir.
Niyə məhz Masallıdan namizəd olmaq istəyirsiniz sualına cavab olaraq DİP funksioneri bildirib ki, bu rayonda səhiyyə, təhsil və digər məsələlərlə bağlı daha yaxından bələd olduğu çoxsaylı problemlər var. Millət vəkili seçilərsə həmin problemlərin həllinə nail olmaq üçün əlindən gələn köməklikləri etmək, onları parlament tribunasından səsləndirərək ölkə rəhbərliyinin diqqətinə çatdırmaq niyyətindədir. Seçki hazırlıqlarına gəldikdə, yaxın günlərdə partiyadaşları, çoxsaylı tərəfdarları, yerli əhali ilə təmaslar quraraq birlikdə bu hazırlıqlara start verəcəkdir. Görüləcək işləri isə sadəcə görüntü xatirinə ortaya atılan reklam xarakterli işlər deyil, rayonun qayğılarının bilavasitə həllinə hesablanmış konkret addımlar kimi dəyərləndirəcək.