Elektron siqaretin ŞOK ZƏRƏRLƏRİ üzə çıxdıbackend

Elektron siqaretin ŞOK ZƏRƏRLƏRİ üzə çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həkim: “Elektron siqaretdən qısamüddətli istifadə olunsa belə, ağciyərlərin bərpası 2-3 ay çəkir”

Xüsusən gənclər arasında dəbə düşən elektron siqaretlərin sağlamlığa daha az zərərli olması fikri geniş yayılıb. Hətta siqareti tərgitmək istəyənlərə kömək olur kimi miflər də formalaşıb. Qeyd edək ki, elektron siqaretdə nikotindən, müxtəlif iylərdən və qatqılardan ibarət maye var və bu maye qızıb buxara çevrilərək nəfəs borusu vasitəsilə ağciyərə ötürülür.

Bəs elektron siqaret nə dərəcədə zərərlidir, yaxud nə dərəcədə zərərsizdir?

Azərbaycan Tibb Universitetinin professoru Musa Qəniyev Musavat.com-a deyib ki, elektron siqaret (ES) yüksək dispers aerozol yaradan elektron sistemdir:

“Onun rezervuar hissəsindəki mayenin tərkibində nikotin, aromatik əlavələr, həlledici (məsələn, propilenqlikol, qliserin) və 10-20% su olur. Bəzi markalarda bu tərkibdə tetrahidrokannabinolun olması da istisna deyil. ES-in par şəkilli aerozolunda karbonil birləşməsi, nitrozamin, xrom, nikel, kadium, gümüş, civə, alüminium, anabazin, duasetil, benzaldehid, formaldehid, ümumilikdə 4000-dən artıq maddə olur. İstifadəçi tənəffüs havası ilə aerozol parını ciyərlərinə çəkərkən bu maddələr bütün orqan və sistemlərinə yayılır. Marketinq maraqlarına görə deyilməsə də, əslində ES-də nikotin və digər zərərli maddələrin miqdarı göstərilən normativlərdən 10-30% çox olur. ES adi siqaretlərdən daha təhlükəli və qorxuludur. Bu siqareti çəkərkən buxar halında olan aerozol ağız boşluğu və tənəffüs yolu selikli qişasını yandırdığından çox ciddi xəstəliklərə səbəb ola bilir. ES-in xərçəng, kəskin ağciyər və ürək xəstəlikləri törətmə potensialı adi siqaretdən yüksəkdir. Digər tərəfdən, aerozolun ultrakiçik hissəcikləri (diametri ≤ 2,5 mkm) ağciyər toxumasının dərinliyinə nüfuz edir, selik baryerinə təsir göstərərək mukosiliar klirensi zəiflədə və peribronxial iltihaba, fibroza səbəb ola bilir. Aerozolun tərkibində olan bəzi maddələr, xüsusən akrolein mutagen təsir göstərə, xromosom aparatında ciddi dəyişikliklər törədə bilir. Əvvəllər ES çəkməmiş şəxs cəmi 20 dəfə bu tüstünü ciyərlərinə alıb-buraxarsa, alveolların makrofaqlarında 60-dan artıq genin ekspresiyasında irsiyyətə verilmə ehtimalı olan dəyişiklik baş verir. Aerozolun tərkibində olan formaldehidin çox güclü kanserogen (xərçəng­törətmə) olması isə məlum həqiqətdir. Bu siqaretdən dövrü istifadə orqanizmin toxumalarını fermentlərin destruktiv təsirindən qoruyan zülal-inhibitorların aktivliyini kəskin şəkildə azaldır. Asılılıq törətmə potensialına görə isə adi siqaretdən heç də geri qalmır. ES-dən ümumi istifadə hepatit, vərəm və sairə kimi qorxulu, öldürücü infeksiyalara yoluxmaya 100%-li zəmin yaradır”.

Həkim qeyd edib ki, elektron siqaretin ağciyərə təsiri klinik gedişinə görə koronavirusdan praktik olaraq fərqlənməyən atipik gedişli ikitərəfli kəskin ağciyər pnevmoniyasına səbəb ola bilir:

“Məsələn, “Nyu York Tayms” qəzetinin 5 avqust 2019-cu il sayında haqqında məlumat verilən, yanvar ayına qədər 2,5 mindən artıq insanın yoluxduğu və 60 nəfərin ölümünə səbəb olan atipik pnevmoniyanın koronavirus etiologiyalı olduğu iddia olunsa da, aparılan monitorinq bunun elektron siqaretlə əlaqədar olduğunu təsdiq etdi. Odur ki, bu xəstəlik ümumdünya elmi ədəbiyyatında EVALI (ing. E-cigarette or vaping product associate lung injury) adını alıb. Nikotinsiz elektron siqaretə gəlincə, nikotinli və nikotinsiz məhlulların kimyəvi tərkibindəki fərqlilik yalnız nikotinlə bağlıdır.

2023-cü ildə sübut olunub ki, ağciyərlərdə mikrosirkulyasiyanın daha ciddi pozğunluğunu törətdiyinə görə nikotinsiz elektron siqaretin dağıdıcı təsiri nikotinli elektron siqaretdən daha güclüdür. Qəribə görünsə də, bunu provitamin olaraq nikotinin orqanizmdə vitamin B3-ə (vitamin PP, nikotinamid, nikotin turşusu) çevrilərək nisbi korreksiya halı törətməsi ehtimalı ilə əlaqələndirirlər. Unutmaq olmaz ki, elektron siqaretdən dövri olaraq, hətta qısamüddətli istifadə olunsa belə, ağciyərlərin bərpası 2-3 aya qədər, asinusların regenerasiyası isə 12 ay və daha uzun müddət çəkir.

ES-in satışı və istifadəsinə 2021-ci ilə qədər dünyanın 41 ölkəsi, o cümlədən, Aİ-nin Danimarka və Norveç kimi ölkələrində qadağa qoyulub. 2024-cü ildə bu siyahıya qardaş Türkiyə və Qazaxıstan da əlavə olunub. Misir, İordaniya, Oman, Qətər və sair kimi müsəlman ölkələrində isə elektron siqaret haram hesab edilərək qadağan olunub. Elektron siqaretin marketinqi hazırda əsasən internet və sosial şəbəkələr vasitəsilə edilir. Bu təbliğatın əsas istiqaməti və obyekti yeniyetmələr və uşaqlardır.

Odur ki, üzümü bütün ailələrə tutub deyirəm, ES guya “qorxusuz su parı” hasil edir fikri tamamilə yanlış və əsassızdır. Övladlarınızı ES bəlasından qoruyun. Ölkəmizin gəncləri arasında ES-dən istifadənin artması səhiyyəmizin potensial problemi hesab olunmalıdır. Gənclərimizi bu bəladan qorumağın yeganə yolu elektron siqaretin ölkəyə gətirilməsi və istifadəsinə mütləq və qeyri-şərtsiz olaraq qadağanın qoyulmasıdır”