“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklik müzakirə edilir.
“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklik müzakirə edilir.
Milli Məclisin plenar iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Telekommunikasiya haqqında” Qanununda dəyişikliklər edilməsi barədə qanunun layihəsi müzakirəyə çıxarılıb.
TİA.AZ xəbər verir ki, qanuna edilən əlavə və dəyişikliklər haqqında İnsan Hüquqları komitəsinin sədri Bahar Muradova məlumat verib.
Vitse-spiker deyib ki, bu qanuna dəyişiklik və əlavələr Azərbaycan prezidentinin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə daxil olub: “Biz komitədə bunu müzakirə etdik, faydalı çıxışlar oldu”.
Qeyd edək ki, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” sənədə edilən dəyişiklik internet informasiya ehtiyatlarında təhlükəsizliyin təmin edilməsi məqsədi ilə aparılıb.
Bunun üçün qanuna yeni fəsil, yeni maddələr əlavə olunub, xeyli dəyişikliklər edilib. İnternet informasiya ehtiyatlarının yaradılması, uçotu, yayılması, bəzi informasiyaların yayılmasının qarşısının alınması və buradan irəli gələn digər münasibətlər tənzimlənir.
“Telekommunikasiya haqqında” qanunda edilən dəyişikliklər də telekommunikasiya resurslarının kibertəhlükəsizliyini təmin etmək, baş vermiş kiberhücumların mənbələrini müəyyən etmək, istifadəçilərə qarşı yönəlmiş elektron təhlükələrin, gələcəkdə baş verəcək kiberhücumların qarşısını almaq üçün ölkədə internet xidməti göstərən operatorların və pravayderlərin fəaliyyəti ilə bağlı münasibətləri tənzimləmək üçün irəli sürülür.
Deputat Siyavuş Novruzov deyib ki, Azərbaycanda internet azaddır:
“Amma baxırsan ki, kimsə internetdə kimsə foto qoyur və başqasını təhqir edir. Ancaq həmin adamın kimliyi bəlli olmur. Və ya xaricdə portal yaradırlar, Azərbaycanın əsgəri və təhlükəsizliyi ilə bağlı yazı atırlar ortaya. Bizim portallarda bunu dərhal götürür. Sonra həmin portal bunu silir və iş qalır bizimkilərin üzərində. Araşdıranda da bəlli olur ki, buradan hansısa adla gedən şəxs bunu edib”.
Millət vəkili Əflatun Amaşov isə deyib ki, ölkə daxilində və xaricdə bir sıra şəxSlər bu dəyişikliyi məhdudlaşdırıcı hal kimi təqdim etməkdə maraqlıdır:
“Ancaq bu belə deyil. Bu sahə yenidir, dinamikdir. Unutmayaq ki, biz müharibə şəraitində yaşayırıq. Odur ki, internet məkanı da qanunla tənzimlənməlidir. Kimlərsə cəmiyəti çaşdırmamalıdır. Obyektiv yanaşma olmalıdır. Dəyişikliklər jurnalistika peşəsinin məsuliyyətini çəkənlər üçün faydalıdır”.